Şah İsmayıl Xətayi

Xətayi 1487-ci il iyun ayının 23-də Ərdəbil şəhərində dini-siyasi xadim, təriqət başçısı ailəsində doğulmuşdur. Səfəvilər nəslindəndir. Babası Şeyx Cüneyd, atası Şeyx Heydər Ərdəbil hakimi olmuşlar. Anası Aləmşahbəyim isə Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı idi.
Atası Şeyx Heydər 1488-ci ildə Şirvanşahlarla müharibədə öldürüləndən sonra İsmayıl və onun ailəsi həbs edilmişdir. Dörd il yarım həbsdən sonra Ağqoyunlu Rüstəm Bayanduri onları İstəxr qalasından azad etdirib Ərdəbilə yola salmışdır. Az sonra Şeyx Heydərin oğlanlarının şöhrətindən qorxuya düşərək onların arxasınca beş min nəfərlik suvari göndərmişdir. Şəməsi adlı yerdə Qızılbaşlar məğlub olmuşlar. Ağqoyunlular yenidən Ərdəbili ələ keçirsə də, İsmayılla İbrahimi tapa bilməmişlər. Qızılbaş tərəfdarları onları Ərdəbildən Gilana-Lahicana qaçırmışlar. İsmayıl qardaşı ilə bərabər Lahicanda altı il qalaraq Şəmsəddin Lahicidən ərəb, fars dillərini və «Quran» oxumağı öyrənmişdir.
1499-cu ildə 70 nəfərlik dəstə ilə Ərdəbilə yola düşmüş, yolda onlara xeyli tərəfdar qoşulmuşdur. Beləliklə, o, Ərdəbilə 7000 nəfərlik bir ordu ilə daxil olur. Bir çox yürüşlərdən sonra 1501-ci ilin payızında Təbrizə gələrək özünü şah elan etmişdir.
1501-ci ildə Şərur düzündə Əlvədlə İsmayıl arasında olan döyüşdə İsmayıl Ağqoyunlu dövlətinin birinci qoluna, 1503-cü ildə Şah İsmayıl Həmədan yaxınlığında Almaqulağı adlanan yerdə Sultan Muradı məğlub edərək Ağqoyunlu dövlətinin varlığına son qoydu. Bundan sonra o, hərbi yürüşlərini daha uğurla davam etdirərək, 1510-cu ilə qədər bütün İranı və Bağdad da daxil olmaqla bütün İraqı öz hakimiyyəti altına aldı. Amu Dəryadan Fərat çayına qədər geniş bir ərazi İsmayılın hakimiyyəti altına keçdi.
Qızılbaş sərkərdələri Sultan Səlimin üzərinə gecə hücuma keçməyi təklif edəndə Şah İsmayıl demişdir: «Mən karvan basan quldur deyiləm, qoy Allahın məsləhət bildiyi kimi olsun.» 1514-cü ilin avqustunda Çaldıran düzündəki döyüşdə Səfəvilər Osmanlılara məğlub oldular.
Rəvayətə görə, Xətayi məğlubiyyətdən əsəbiləşərək qılıncı ilə topun lüləsini kəsmişdir. Bunu eşidən Sultan Səlim həmin qılıncı əldə edir, nə qədər cəhd eləsə də, topun lüləsini kəsə bilmir. Xətayinin onu aldatdığını deyir. Bunu eşidən Xətayi «Qılınc həmin qılıncdır, qol həmin qol deyil»-deyir. Bundan sonra Xətayi bir daha böyük yürüşlər etmədi.
1524-cü ildə mayın 23-də qəflətən vəfat etdi. Ərdəbildə Şeyx Səfi məqbərəsində dəfn olunmuşdur.

Комментарии

Комментариев нет.