24 фев 2015

Bir gün mən olmasam...

- Elçin Mirzabəyli
Bir gün mən olmasam qəribsəyərsən?
O mənsiz gözlərin yaş tökərmi heç?
O mənsiz dünyadan nə istəyərsən?
O mənsiz gözlərin yol çəkərmi heç?
Bir küləkli axşam,yağış gecəsi
Durub üşüyərsən soba dibində.
Onda qırılacaq qəlbinin səsi,
Onda darıxacaq dərdin içində.
Bir anlıq gözünü dikib güzgüyə,
Sığalsız saçını qoxlayacaqsan.
Təzə bir xatirə tapasan deyə
Köhnə əl çantanı yoxlayacaqsan.
Doğmalar səninlə bir olmayacaq,
Elə ümidlərin qovacaq səni.
Dərdini deməyə yer olmayacaq,
Qəbristan yolları yoracaq səni.
Əyər elə olsan, dəyişəcəksən,
Dərdin yandıracaq səni od kimi.
Bütün dünya ilə döyüşəcəksən,
Tənha olacaqsan son ümid kimi.
Məzarım üstündə güllər solacaq,
Sarmaşıq saracaq başdaşımı da.
Gündə neçə kərə gözün dolacaq,
Silən olmayacaq göz yaşını da.
Uçuq pəncərəli can qəfəsimi
Yeddi qıfıl ilə bağlayacağam.
Ovcuma üfürüb son nəfəsimi
Səninçün sabaha saxlayacağam...

  • Хелависа - Если я умру
Bir gün mən olmasam... - 770891614225

Комментарии

Комментариев нет.