Namazi birleşdirmek

SUAL
Əhli-sünnə camaatı deyirlər ki, vacib olan beş vaxt (sübh, zöhr, əsr, məğrib, işa) namazlarını ayrı-ayrı qılmaq lazımdır, onları birləşdirib qılmaq olmaz, kim onları birləşdirsə, məsələn: zöhr azanı vaxtında zöhr ilə əsr namazlarını ardıcıl qılsa, eləcə də məğrib azanı olan kimi məğrib ilə işa namazını ardıcıl qılsa namazları batildir. Onların bu sözü düzdürmü?
CAVAB
Əhli-sünnə camaatının bu sözü batil və puç sözdür. Onların bu hökmləri isə etibarsızdır. Çünki həm Qurani-Kərim, həm Həzrət Muhəmməd (s)-dən rəvayət olunan səhih hədislər, həm də əqli dəlillər onların iddialarının batil və saxta olduğunu təsdiq edir.
Sevimli Peyğəmbərimiz Həzrət Muhəmməd (s) vacib olan beş namazı həm ayrı-ayrılıqda həm də birləşdirərək qılmışdır. Buna əsasən Müctehidlər fətva vermişlər ki, vacibi namazların xüsusi vaxtından əlavə müştərək vaxtları da var. Hər namazı xüsusi vaxtında qılmaq müstəhəbdir, eləcə də onları birləşdirib qılmaq icazəlidir.
A) Bütün İslam məzhəbləri deyirlər ki, (Məkkədə) Ərəfatda zöhr namazı ilə əsr namazını birləşdirmək olar.
Həmçinin (Məkkənin) Müzdələfə məntəqəsində məğrib namazı ilə işa namazını birləşdirmək olar.
B) Hənəfi məzhəbi deyir: Namazları yalnız Ərəfatda və Müzdələfədə birləşdirib qılmaq olar.
C) Hənbəli, Maliki və Şafii məzhəbləri deyirlər: Namazları Ərəfatda, Müzdələfədə, həmçinin Səfərdə olanda birləşdirib qılmaq olar. Bu məzhəbləri bəziləri bundan əlavə Zəruriyyat halında, Yağış yağanda, eləcə də qorxu halında namazları birləşdirib qılmağa icazə verirlər.
Ç) Əhli-beyt məktəbinə (şiəliyə) əsasən zöhr, əsr, məğrib və işa namazlarının hər birinin xüsusi vaxtından əlavə müştərək vaxtları da var.
Zöhr namazının xüsusi vaxt günortadır, elmi dildə bu vaxta zenit deyilir. Bu andan etibarən günəşin gölgəsi qərbdən şərqə keçir. Kim zöhr namazının xüsusi vaxtında əsr namazını qılarsa namazı batildir. Əsr namazının xüsusi vaxtı isə Məğribə 4rəkətlik namaz qılma fürsəti qədər vaxt qalandan başlayır. Kim əsr namazının xüsusi vaxtında zöhr namazını qılarsa namazı batildir. Qalan vaxt, yəni zöhrdən günəşin batmasınadək olan vaxt müştərək vaxt adlanır. Günorta olan kimi Zöhr namazını qılıb fasiləsiz olaraq ardınca əsr namazını qılmaq olar.
Əgər yerə bir düz çubaq basdırsaq, günortadan sonra bu çubuğun kölgəsi özü boyda olanda Əsr namazının fəzilətli vaxtdır. Əsr namazını bu vaxta qılmaq müstəhəbdir.
Məğrib namazının xüsusi vaxtı Günəşin çıxdığı istiqamətdə, yəni şərqdə qırmızılığın itməsidir. İşa namazının xüsusi vaxtı isə gecə yarısına 4 rəkətlik namaz qılma fürsəti qədər vaxt qalandan başlayır. Qalan vaxt isə müştərək vaxt sayılır. Hər bir müsəlman Məğrib namazını bitirəndən sonra İşa namazını da onun ardınca fasilə vermədən qıla bilər.
Əhli-sünnə canaatının bu mövzuda (bir çox başqa mövzular kimi) yekdil və vahid nəzərləri yoxdur. Hər məzhəb bir cür hökm vermiş, bu azmış kimi hər məzhəbin öz alimləri arasında da çoxlu ixtilaflar mövcuddur.
1- Qurani-Kərim ayələri
A) “İsra” surəsi 78-ci ayə:
“Namazı (gündəlik vacib namazlarından Zöhr-Əsr və Məğrib-İşa namazlarını) günəşin (günortanın tam yarsından) batmağa doğru meyl etməsinin əvvəlindən, gecənin tam qaranlığına (gecə yarısına) qədər qıl və həmçinin Sübh namazını (da qıl).Həqiqətən Sübh namazı (Gecə və gündüz mələkləri tərəfindən yazılmaq üçün ) müşahidə olunur.”
Bu ayədə Allah Taala beş namazın qılınması üçün üç vaxt bəyan edib:
- (Günəşin batmağa doğru meyl etməsi) Zöhr və Əsr namazlarına işarədir - (Gecənin qaranlığı) Məğrib və İşa namazlarına işarədir - sübh namazına işarədir.
2) “Hud” surəsi 114-cü ayə
“Və namazı günün iki tərəfində və gecənin gündüzə yaxın əvvəllərində qil ki, həqiqətən yaxşılıqlar günahları aradan aparır. (Günün iki tərəfi) Birinci tərəfi sübh namazına, ikinci tərəfi isə Zöhr və Əsr namazlarına işarədir. (Gecənin gündüzə yaxın əvvəli) Məğrib və İşa namazlarına işarədir.
Gördüyünüz kimi bu ayədə də Allah taala beş namaz üçün üç vaxt bəyan etmişdir.
2- Həzrət Muhəmməddən (s) rəvayət olunan səhih hədislər
Onu qeyd edək ki, burada gətirəcəyimiz səhih hədislərin hamısa Əhli-sünnə camaatının ən səhih və ən mötəbər kitablarından olacaq.
1-ci hədis
Hənbəli məzhəbini yaradan Əhməd ibn Hənbəl “Musnədu əhməd ibn hənbəl” əsərində Cabir ibn Zeyddən belə rəvayət edir.
“Cabir ibn Zeyd deyir: Eşitdim ki, İbn Abbas belə deyir:- Peyğəmbərlə (s) birlikdə idim, namazları 8 rəkət (zöhr ilə əsri birləşdirərək) və 7 rəkət (məğrib ilə işanı birləşdirərək) şəklində birləşdirib qıldıq.
Cabir deyir: Əbu Şəsaya dedim: Mən belə düşünürəm ki, ola bilsin Peyğəmbər (s) zöhr namazına o qədər gecikib ki, əsr namazının vaxtı çatıb ikisini də birləşdirib qılıb, eləcə də məğrib namazına o qədər gecikib ki, işa namazının vaxtı çatıb məğrib ilə işanı birləşdirib qılıb.”
“Musnədu Əhməd ibn Hənbəl”, 1-ci cild, 221-ci səhifə “Abdullah ibn Abbasın musnədi” fəsli.
Bu hədisi yanlış yerə yozmaq cəhdi aşkardır. Sizcə elə ola bilərmi ki, Zöhr namazını azanı verilə, Peyğəmbər (s) namaza etinasızlıq edə və o qədər namazı gecikdirə ki, Əsr namazının vaxtı çata!!! Məgər belə düşüncə tərzi Peyğəmbərə (s) böhtan atmaq deyilmi?! Yəni, məgər Peyğəmbər (s) də namaza etınazıs olarmı, namaza yüngül yanaşarmı? Məgər Qurani-Kərim “Maun” surəsində “Vay olsun namaza yüngül yanaşanlara!” demirmi?!
Bu hədisdən başa düşülən məna budur ki, Peyğəmbər (s) zöhr ilə əsri, həmçinin məğrib ilə işanı birləşdirib qılmışdır.
2-ci hədis
Hənbəli məzhəbini yaradan Əhməd ibn Hənbəl “Musnədu əhməd ibn hənbəl” əsərində Abdullah ibn Şəqiqdən belə rəvayət edir.
“İbn Abbas əsr namazından sonra bizim üçün nitq söylədi, onun söhbəti o qədər uzandı ki, günəş batdı və ulduzlar aşkar oldu, camaat səsləndilər ki, bəs namaz? Bəni-təmim qəbiləsindən olan bir nəfər də “namaz” deyə qışqırdı. İbn Abbas qəzəbləndi və dedi: Peyğəmbərin (s) sünnəsini mənə öyrədəcəksən?! Mən öz gözlərimlə görmüşəm ki, Peyğəmbər (s) zöhr ilə əsri, məğrib ilə işanı birləşdirb qilib.
Abdullah deyir: Mən bu mövzuya şəkk etdim və inana bilmədim, bunu Əbu-hüreyrə ilə görüşəndə ondan soruşdum. O, İbn Abbasın sözünü təsdiq etdi.”
Söylədiyimiz hədisdə 2 səhabə bu həqiqətə şəhadət veirilər ki, Peyğəmbər (s) zöhr ilə əsri, məğrib ilə işanı birləşdirib qılıb. Buna görə də İbn Abbas da Peyğəmbərin (s) rəftarına tabe olub.
“Musnədu Əhməd ibn Hənbəl”, 1-ci cild, 251-ci səhifə.
3-cü hədis
Maliki məzhəbini yaradan Malik ibn Ənəs özünün "Müvəttə” kitabında yazır:
“Allahın Rəsulu (s) zöhr ilə əsr namazlarını birləşdirib qıldı, eləcə də məğrib ilə işa namazlarını birləşdirob qıldı. Halbuki Peyğəmbər (s) düşmən qorxusu ilə üzləşməmişdi və səfərdə də deyildi.”
4-cü hədis
Malik ibn Ənəs özünün “Müvəttə” kitabında Məaz ibn Cəbəldən belə rəvayət edir:
“Allahın Rəsulu (s) zöhr namazı ilə əsr namazını, məğrib namazı ilə işa namazını birləşdirib qılardı.”
Bu hədisdə namazları birləşdirib qılmaq Peyğəmbərin (s) sünnəsi kimi göstərilmişdir.
5-ci hədis
Malik ibn Ənəs özünün “Müvəttə” kitabında Nafedən, o isə Abdullah ibn Ömərdən belə rəvayət edir:
“Allahın Rəsulu (s) səfərə çıxmaq üçün tələsəndə məğrib namazı ilə işa namazını birləşdirib qılardı.”
Malik ibn Ənəs “əl-Müvəttə” kitabus-səlat 125-ci səhifə 177-ci hədis
Bu hədis açıq şəkildə bunu göstərir ki, Peyğəmbər (s) tələsəndə məğribin vaxtında məğribi və işanı birləşdirib qılarmış.
6-cı hədis
Malik ibn Ənəs özünün “Müvəttə” kitabında Əbu Hüreyrədən belə rəvayət edir:
“Allahın Rəsulu (s) Təbuka səfərə gedəndə zöhr namazı ilə əsr namazını birləşdirib qıldı.”
Malik ibn Ənəs “əl-Müvəttə” kitabus-səlat, 124-cü səhifə, 175-ci hədis.
Göründüyü kimi bu hədisdə də məlum olur ki, Peyğəmbər (s) zöhr namazı ilə əsr namazını birləşdirib qılıb. Tarix kitablarına əsasən Peyğəmbər (s) Təbuk döyüşünə zöhr namazını qılıb gedib. Deməli Peyğəmbər (s) zöhr azanı verilən kimi zöhr namazı ilə əsr namazını birləşdirib qılıb, sonra səfərə çıxıb.
7-ci hədis
Malik ibn Ənəs özünün “Müvəttə” kitabında Nafedən belə rəvayət edir:
“Əmirlər (bəni-üməyyə xəlifələri) yağış yağan vaxt məğrib namazı ilə işa namazını birləşdirib qılanda Abdullah ibn Ömər də onlarla bilikdə namazları birləşdirib qılardı.”
Malik ibn Ənəs “əl-Müvəttə” kitabus-səlat, 125-ci səhifə, 179-cu hədis.
Bu hədisdən başa düşülən məna budur ki, əmirlər yağış yağdığını görəndə məğribin vaxtında məğribin ardınca işanı da qılarlarmış.
8-ci hədis
Malik ibn Ənəs özünün “Müvəttə” kitabında Əli ibn Hüseyndən belə rəvayət edir:
“Allahın Rəsulu (s) gündüz vaxtı səfərə çıxmaq istəyəndə zöhr namazı ilə əsr namazını birləşdirib qılardı. Gecə səfərə çıxmaq istəyəndə isə məğrib namazı ilə işa namazını birləşdirib qılardı.”
Malik ibn Ənəs “əl-Müvəttə”, kitabus-səlat, 125-ci səhifə, 181-ci hədis.
Bu hədis də açıq-aşkar göstərir ki, Peyğəmbər (s) zöhr namazı vaxtı zöhr ilə əsr namazını birləşdirib qılmış, Məğrib namazı vaxtı isə məğrib namazı ilə işa namazını birləşdirib qılmışdır.
9-cu hədis
Məhəmməd Zərqanı “Şərhu Muvəttə” kitabında Əbi Şəsadan belə nəql edir:
“İbn Abbas Bəsrədə zöhr və əsr namazlarını aralarında fasilə vermədən qıldı, eləcə də məğrib ilə işa namazlarını aralarında fasilə vermədən qıldı.”
Malikin “Müvəttə” kitabın Zərqaninin şərhi. 1-ci hissə, “evində və səfərdə namazları birləşdirib qılmaq” fəsli. 294-cü səhifə.
10-cu hədis
Zərqanı bu xəbəri Təbəranidən, o isə İbn Məsuddan belə nəql edir:
“Allahın Rəsulu (s) zöhr namazı ilə əsr namazını birləşdirib qıldı, sonra da məğrib namazı ilə işa namazını birləşdirib qıldı. Bunun səbəbini Peyğəmbərdən soruşdular. Allahın Rəsulu (s) buyurdu: Ümmətimin çətinlik və əziyyətə düşməsini istəmədiyim üşün belə edirəm.”
Malikin “Müvəttə” kitabın Zərqaninin şərhi. 1-ci hissə, “evində və səfərdə namazları birləşdirib qılmaq” fəsli. 294-cü səhifə
11-ci hədis
Müslim ibn Həccac özünün Səhihi Muslim kitabında Əbu Zubeyr və Səid ibn Cubeyrin vasitəsilə İbn Abbasdan belə nəql edir
“Allahın Rəsulu (s) Mədinədə zöhr namazı ilə əsr namazını birləşdirib qıldı, halbuki Qorxu yox idi, səfərdə də deyildi.”
Sonralar İbn Abbasan bu işin səbəbi və Peyğəmbərin (s) məqsədi barədə soruşduq, o dedi: Ona görə ki, Peyğəmbər (s) Öz ümmətindən heç kimin əziyyətə düşməsini istəmirdi.
“Səhihi Muslim”, 2-ci cild, “əlcəm bəynə səlatəyni fil həzər” fəsli, 151-ci səhifə.
12-ci hədis
Müslim ibn Həccac özünün Səhih kitabında Səid ibn Cubeyrin vasitəsilə İbn Abbasdan belə nəql edir:
“Allahın Rəsulu (s) Mədinədə zöhr namazı ilə əsr namazını birləşdirib qıldı, məğrib namazı ilə işa namazını birləşdirib qıldı, halbuki düşməndən qorxu yox idi, səfərdə deyildi, yağış da yağmırdı.”
Səid ibn Cubeyr deyir: mən bunun səbəbini İbn Abbasdan soruşdum. İbn Abbas dedi: Peyğəmbər (s) öz ümmətinin əziyyətə düşməsini istəmirdi.
“Səhihi Muslim”, 2-ci cild “əlcəm bəynə səlatəyni fil həzər” fəsli, 152-ci səhifə.
13-cü hədis
Əbu Abdullah Buxari özünün Səhihində belə nəql edir:
“Allahın Rəsulu (s) Mədinədə namazları 7 rəkət (məğrib və işanı birgə) və 8 rəkət (zöhr ilə əsri birğə) qıldı.”
“Səhihi Buxari”, 1-ci hissə, 110-cu səhifə “Kitabus səlat” “bab təxiruzuhr iləl asr.”
14-cü hədis
Əbu Abdullah Buxari özünün Səhihində belə nəql edir:
Abdullah ibn Ömər, Əbu Əyyub Ənsari və Abdullah ibn Abbas dedilər:
“Allahın Rəsulu (s) məğrib namazı ilə işa namazını birləşdirib qıldı.”
“Səhihi Buxari”, 1-ci hissə, 113-cü səhifə, “Kitabus səlat” “bab zikrul işa.”
15-ci hədis
Müslim ibn Həccac öz Səhihində belə nəql edir:
“Bir kişi ibn Abbasa dedi: Namazdır! İbn Abbas dinmədi. O kişi yenidən dedi: Namazdır! İbn Abbas susdu. O yenidən dedi: Namazdır! İbn Abbas cavab vermədi. O kişi dördüncü dəfə dedi: Namazdır! İbn Abbas dedi: Səni anasız qalasan! Sən bizə namazı öyrədirsən?! Halbuki biz Peyğəmbərlə(s) birlikdə olanda da namazları birləşdirib qılırdıq.” “Səhihi Muslim”, 2-ci cild, “əlcəm bəynə səlatəyni fil həzər” fəsli, 153-cü səhifə.
16-cı hədis
Müslim ibn Həccac öz Səhihində belə nəql edir:
“Allahın Rəsulu (s) Təbuk döyüşünə səfərə gedəndə namazları birləşdirib qıldı. Zöhr ilə əsri, məğrib ilə işanı birləşdirdi. Səid ibn Cubeyr deyir: Onun səbəbini İbn Abbasdan soruşdum. Dedi: Peyğəmbər (s) öz ümmətindən heç kimin əziyyətə düşməsini istəmirdi.” “Səhihi Muslim”, 2-ci cild, “əlcəm bəynə səlatəyni fil həzər” fəsli, 151-ci səhifə.
17-ci hədis
Müslim ibn Həccac öz Səhihində Məazın dilindən belə nəql edir:
“Allahın Rəsulu (s) ilə Təbuk döyüşünə çıxdıq, Peyğəmbər (s) zöhr ilə əsr namazlarını birləşdirib qıldı, məğrib ilə işa namazlarını birləşdirib qıldı.” “Səhihi Muslim”, 2-ci cild, “əlcəm bəynə səlatəyni fil həzər” fəsli, 152-ci səhifə.
18-ci hədis
Malik ibn Ənəs özünün “Müvəttə” kitabında yazır:
“İbn Şəhab, Salim ibn Abdullahdan soruşdu: Səfərdə olarkən zöhr namazı ilə əsr namazını birləşdirib qılmaq olarmı? Cavab verdi ki: Bəli, eyibi yoxdur, Məgər insanların Ərəfə günündəki namazlarını görmürsənmi?”
Malik ibn Ənəs “əl-Müvəttə”, kitabus-səlat, 125-ci səhifə, 180-ci hədis.
Bunu xatırladaq ki, bütün müsəlman məzhəbləri Ərəfə günündə Ərəfatda zöhr ilə əsri birləşdirib qılmağa icazə veriblər. Hər iki namazı zöhrün vaxtında qılırlar. Burada Salim ibn Abdullah deyir ki: Ərəfə günündə namazları birləşdirib qılmaq mümkün olduğu kimi, başqa vaxtlarda da birləşdirb qılmaq mümkündür.
19-cu hədis
Müttəqi Hindi özünün “Kənzul ummal” kitabında yazır:
“Abdullah ibn Ömər deyir: Allahın Rəsulu (s) evində olarkən, səfərdə olmadığı halda zöhr namazı ilə əsri, məğrib namazı ilə işanı birləşdirib qıldı. Bir kişi İbn Ömərdən soruşdu: Nə üçün Peyğəmbər (s) belə edirdi? Cavab verdi: Ona görə ki, ümmətini çətinlik və əziyyətə salmasın. Kim istəsə namazlarını birləşdirib qıla bilər.” “Kənzul ummal”, “Kitabus salat”, ” Babur rabi”, “bab cəm”, 8-ci cild, 246-cı səhifə.
20-ci hədis
Müttəqi Hindi özünün “Kənzul ummal” kitabında yazır:
“Cabir ibn Abdullah deyir: Allahın Rəsulu (s) zöhr namazı ilə əsr namazını bir azan və iki iqamə ilə birləşdirib qıldı.” “Kənzul ummal” “Kitabus salat”, “Babur rabi”, “bab cəm”, 8-ci cild, 247-ci səhifə.
21-ci hədis
Müttəqi Hindi özünün “Kənzul ummal” kitabında yazır:
“Cabir ibn Abdullah deyir: Allahın Rəsulu (s) ilə Məkkədə idik. Günəş batdı, və Peyğəmbər (s) “sərf” məntəqəsinə çatan kimi məğrib və işa namazlarını birləşdirib qıldı.” “Kənzul ummal”, “Kitabus salat”, “Babur rabi”, “bab cəm”, 8-ci cild, 247-ci səhifə.
22-ci hədis
Müttəqi Hindi özünün “Kənzul ummal” kitabında İbn Abbasdan belə nəql edir:
“Allahın Rəsulu (s) Mədinədə zöhr namazı ilə əsr namazını, məğrib namazı ilə işa namazını birləşdirib qıldı, halbuki səfərdə deyildi, yağış da yağmırdı. Ravi deyir: İbn Abbasdan soruşdum: Peyğəmbər (s) nə üçün namazları birləşdirib qılırdı? İbn Abbas cavab verdi: Çünki Peyğəmbər (s) istəyirdi ki, ümmətinin rəftarında genişlik və yüngüllük yaratsın.” “Kənzul ummal”, “Kitabus salat”, “Babur rabi”, “bab cəm”, 8-ci cild, 247-ci səhifə.
Hədislərdən çıxan nəticə
1- Bir vaxtda iki namazı birləşdirib qılmaq, işlərin asanlaşdırılması və əziyyətə düşməmək üçündür.
Qurani-Kərim “Bəqərə” surəsinin 185-ci ayəsində buyurur:
“Allah sizin üçün asanlıq istəyir, sizin üçün çətinlik istəmir.”
Həmçinin Qurani-Kərim “Həcc” surəsinin 78-ci ayəsində buyurur:
“O, sizi seçib və İslam dinində sizin üçün heç bir məşəqqət və dözülməz çətinlik qoymayıb.”
Səhl ibn Hənif deyir: Həzrət Muhəmməd (s) buyurdu:
“Özünüzü çətinə salmayın, çünki sizdən əvvəlki insanlar özlərini çətinliyə saldıqlarına görə həlak oldular.”
Suyuti “əd-Durrul mənsur” təfsiri 1-ci cild, 192-ci səhifə.
Hədislərin çoxu bu həqiqəti təsdiq edir ki, əgər zöhr namazı ilə əsr, məğrib namazı ilə işa birləşdirilməsə müsəlmanlar öz işlərində çətinlik və əziyyətə düşəcəklər. Buna görə də Peyğəmbər (s) müsəlmanların işlərində asanlıq və genişlik yaranması üçün namazları birləşdirib qılmağa icazə vermişdir. 10-cu, 16-cı, 19-cu və 22-ci hədislərə baxın.
Aydındır ki, əgər bu hədislərdən məqsəd zöhr namazını gecikdirərək əsr namazının vaxtında qılmaq olsaydı, və ya məğrib namazını gecikdirərək işa namazının vaxtında qılmaq olsaydı bu əməl nəinki müsəlmanların işində asanlıq yaratmaq olmazdı, əksinə Peyğəmbərin (s) bu hərəkəti ilə müsəlmanlar daha da əziyyətə və çətinliyə düşmüş olardılar. Halbuki Peyğəmbərin (s) hədəfi və məqsədi müsəlmanların işində genişlik və asanlıq yaratmaq olmuşdur.
Deməli, namazları müştərək vaxtlarda birləşdirib qılmaq olar, istər müştərək zamanın əvvəl vaxtında istər axır vaxtında.
2- Məkkədə Ərəfə günündə Ərəfat çölündə namazları birləşdirib qılmaq, namazları birləşdirib qılmağın keyfiyyətini göstərir.
Bütün müsəlman məzhəblari Ərəfə günündə zöhr namazı ilə əsr namazını birləşdirib qılmağa icazə veriblər. (bax: “əl-Fiqh aləl məzahibil ərbəə”, “kitabus səlat”, “əlcəm beynəs səlatəyn təqdimən və təxirən”).
Başqa tərəfdən yuxarıda qeyd edilmiş hədislər bunu təsdiq edir ki, namazları bu cür birləşdirib qılmaq başqa yerlərdə də Ərəfatdakı şəkildə mümkündür. Bu baxımdan Ərəfat çölü ilə başqa çöllərin fərqi yoxdur. 18-ci hədis bunu tam sübut edir.
3- Səfərdə namazları birləşdirmək üslubu da həqiqətdə namazları birləşdirib qılmağın keyfiyyətini göstərir.
Başqa tərəfdən Hənbəli, Maliki və Şafii məzhəbləri səfərdə olarkən namazları birləşdirib qılmağı düzgün bilirlər. Bununla belə hədislər aşkar şəkildə bunu göstərir ki, bu baxımdan səfərdə olmaq ilə evində, vətənində olmağın fərqi yoxdur. Peyğəmbər (s) həm səfərdə həm də evində namazları birləşdirib qılıb.
Bu barədə 3-cü, 11-ci, 13-cü, 19-cu və 22-ci hədislərə baxa bilərsiniz. Deməli (şiəlik dediyi kimi) zöhr namazı ilə əsri, məğrib namazı ilə işanı səfərdə birləşdirib qılmaq olarsa, evdə (vətəndə) də qılmaq olar.
4- Zərurət halında namazları birləşdirib qılmaq üslubu, adi halda namazları birləşdirməyin keyfiyyətini göstərir.
Allahın Rəsulundan (s) nəql edilmiş hədislərin əksəriyyətində bu həqiqət təsdiq edilir ki, Peyğəmbər (s) özü eləcə də o Həzrətin səhabələri zərurət hallarında, məsələn, yağış yağanda, düşməndən qorxu olanda, xəstəlik halında iki namazı (şiəlik dediyi kimi) bir vaxtda birləşdirib qılmışlar. Buna əsasən müxtəlif məzhəblərin əlimlərinin əksəriyyəti zərurət halında namazları birləşdirib qılınmasının düzgünlüyü barəsində fətva və hökmlər vermişlər.
Halbuki hədislər açıq aşkar bunu sübuta yetirir ki, bu baxımdan zərurət və adi halın qətiyyən fərqi yoxdur. Allahın Rəsulu (s) yağın yağmayanda da, düşməndən qorxu olmayanda da zöhr namazı ilə əsr namazını həmçinin məğrib namazı ilə işa namazını birləşdirib qılmışdır. Bu barədə 3-cü, 11-ci və 22-ci hədislərə baxa bilərsiniz.
5- Həzrət Muhəmmədin (s) səhabələrinin rəftarı, namazları birləşdirib qılmağın keyfiyyətini göstərir.
Qeyd edilmiş hədislərin içində belə bir dəqiqliyə rast gəlirik ki, Peyğəmbərin (s) bir çox səhabələri 2 namazı birləşdirib qılmışlar. Bu barədə 2-ci, 7-ci. 9-cu və 15-ci hədislərə müraciət edin.
Bu hədislər onu göstərir ki, İbn Abbas, (şiəlik dediyi kimi) 2 namazı bir vaxtda birləşdirib qılmışdır.
6- Həzrət Muhəmmədin (s) həyat tərzi 2 namazı birləşdirmək üslubunu insanlara bəyan edir və açıqlayır. 21-ci hədisdən aydın olur ki, Peyğəmbər (s) gün batan vaxt Məkkədə idi, yola düşdülər, Məkkədən 9 mil fasilədə yerləşən Sərf məntəqəsinə çatanda məğrib namazı ilə işa namazını birləşdirib qıldı.
Hamısı Əhli-sünnənin ən mötəbər hədis və səhih kitablarından nəql edilən bu hədislərin hamısından, siəlik məktəbinin zöhr namazı ilə əsr namazını həmçinin məğrib namazı ilə işa namazını biləşdirib qılmağa icazə verməkdə haqqlı olduğunu sübut edir. Eləcə də bu hədislər təsdiq edir ki, zöhr namazı ilə əsr namazını həmçinin məğrib namazı ilə işa namazını birləşdirib qılmağın xüsusi şərtləri yoxdur, istənilən yerdə, istənilən şəraitdə və istənilən gündə namazları birləşdirib qılmaq olar.
SON QEYD
Onu da qeyd edək ki, son zamanlar bir çox Əhli-sünnə alimləri zöhrün vaxtında zöhr namazı ilə əsr namazını, eləcə də məğribin vaxtında məğrib namazı ilə işa namazını birləşdirib qılmağa icazə vermişlər.
Rəbiə ibn Munzir son zamanların məşhur Əhli-sünnə alimlərindəndir ki, namazların birləşdirilib qılınmasını lazım bilir və deyir:
“Namazları ayrı-ayrı qılmaq insanların özlərini əziyyət və çətinliyə salmalarına səbəb olur.”
Əhli-sünnənin başqa bir məşhur alimi Şeyx Əhməd Şakir də ibn Sirinin sözlərini nəql etdikdən sonra deyir:
“Namazları birləşdirib qılmağın icazəli olması rəyi (hökmü) ən düzgün rəydir və səhih hədislərə əsaslanır.”
“Haşiyətu Sünənu Tirmizi”, 1-ci cild, 358 və 359-cu səhifələr.
Əhli-sünnənin başqa bir məşhur alimi Şeyx Xəfif deyir:
“Namazların birləşdirilib qılınması icazəlidir.”
“Kitabu əsbabu ixtilaful fuqəha”, 78-ci səhifə.
Sonda şiə mənbələrində olan çoxlu sayda hədislərin bir neçəsini nəql edək.
1- Əbid ibn Zurarə deyir: İmam Cəfər Sadiqdən (ə) zöhr və əsr namazlarının vaxtı barədə soruşdum. İmam buyurdu: “Günəş düz ortada olanda zöhr namazının da, əsr namazının da vaxtı daxil olur. Bu fərq ilə ki, əvvəlcə zöhr namazını sonra ilə əsr namazını qılmaq lazımdır. Günəş batana qədər hər ikisinin vaxtı davam edir.” “Vəsailuş-şiə”, 3-cü cild, 92-ci səhifə, “əbvabul məvaqit”.
2- İmam Cəfər Sadiq (ə) (atalarından rəvayət edərək) buyurdu: “Allahın Rəsulu (s) camaatla birlikdə günorta vaxtı zöhr namazı ilə əsr namazını heç bir səbəb olmadan birləşdirb qıldı. Eləcə də məğrib ilə işa namazını üfüqdə şəfəq hələ itmədən birıəşdirib qıldı. Allahın Rəsulu (s) yalnız ona görə belə etdi ki, ümməti üçün vaxt geniş olsun.” “Əl-Kafi” 3-cü cild, 286-cı səhifə, “babul cəm bəynəs səlatəyn”.
3- İmam Cəfər Sadiq (ə) buyurdu: “Günəş batandan sonra iftar açılır və namaz vacib olur, məğrib namazını qılıb qurtaran kimi işa namazının vaxtı daxil olaraq gecə yarısına qədər davam edir.“
“Vəsailuş-şiə” 3-cü cild, 134-cü səhifə, “bab ənnə əvvəlu vəqtil məğribi vəl işa əlğurub”.
4- İbn Abbas deyir: “Allahın Rəsulu (s) zöhr ilə əsr namazını həmçinin məğrib ilə işa namazının səfərdə də, evində də birləşdirib qılardı.” “Vəsailuş-şiə” 3-cü cild, 161-ci səhifə, “bab əlcəm bəynə səlatəyni liğəyri uzr”.
5- İmam Əli (ə) buyurur: “Namazları birləşdirib qılmaq ruzini çoxaldır.” “Müstədrəkul vəsail” 3-cü cild, 143-cü səhifə.
6- Əbdül Məlik əl-Qummi deyir: İmam Cəfər Sadiq (ə)-a dedim: Mən namazları birləşdirib qılıram. İmam (ə) buyurdu: “Allahın Rəsulu (s) da belə edirdi, bununla da istəyirdi ki, ümmətin işini asanlaşdırsın”. “Biharul ənvar” 79-cu cild, 334-cü səhifə.
#namaz

Комментарии