5 янв 2015

İlham Ağalarov: QARABAG QAZİSİ

“Səngərdəki yaralı erməninin üstündən tullananda əl atdı ki, ayağımı tutsun”“1992-ci ilin 15 avqustunda 31 yaşım tamam olan gün üçüncü dəfə yaralandım”
, İlham Ağalarov - 1961-ci ildə Füzuli rayonunun Horadiz qəsəbəsində, indiki Horadiz şəhərində anadan olub. 1978-ci ildə orta məktəbi əla qiymətlərlə bitirib və Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub və 1983-cü ildə ali təhsilini başa vurub. Füzulidə Mil Kanal Su Tikinti Trestində 3 ay işlədikdən sonra hərbi xidmətə yollanıb. Hərbi hava qüvvələrində xidmət edib, Kiçik Aviasiya Mütəxəssisləri Məktəbində də təhsil alıb və pilotsuz təyyarələr üzrə ixtisaslaşıb. Füzuli cəbhəsində kəşfiyyat bölüyünün komandiri olmuş Qarabağ veteranının xatirələrinin şərhinə də ehtiyac durmadan sizlərə təqdim edirik:
“Mən klassik güləş və sambo üzrə SSRİ idman ustalığına namizədəm. Qarabağ savaşı başlayanda mən Horadizdə idman məktəbinin direktoru idim, klassik güləşdən dərs deyirdim. 1991-ci ilin noyabrında orduya getmişəm. 1992-ci ilin yanvarında mənim də iştirakımla Horadiz Xalq Cəbhəsinin ümumi yığıncağında könüllü batalyonun yaradılmasını qərara aldıq. Onda 1941-45 müharibəsinin iştirakçılarından ibarət Ağsaqqallar Şurası yaratmışdıq. Ağsaqqallar dedilər ki, komandir sən olmalısan, elə bu məqsədlə də məni çağırmışdılar. Dedilər səninçün nə fərqi var, onsuz da ordudasan, ol bu uşaqların komandiri. Beləcə, könüllülərin komandiri kimi təzədən cəbhəyə qayıtdım. 1992-ci ilin aprelində Füzuliyə 702 saylı briqada gəldi, bizi də onun tərkibinə saldılar. Mən orda motoatıcı bölüyün komandiri oldum. Sonra da batalyonda komandir müavini təyin edildim. Bundan sonra isə briqadanın kəşfiyyat bölüyünün komandiri təyin edildim”.
“Ən böyük əməliyyatımız 1992-ci ilin 14 aprelində "1020" deyilən yüksəklik uğrunda oldu. Bu 3 rayonun - Füzuli, Cəbrayıl və Hadrutun kəsişmə nöqtəsi idi. Bu yüksəklikdən ermənilər hər üç rayonun kəndlərini atəşə tuturdular. Əməliyyat qərarı elan olunanda bəzi könüllülər burada iştirakdan imtina etdilər, təbii ki, bizim onları cəzalandırmaq hüququmuz yox idi. O dövrdə ən ağır cəza dəstədən qovmaq idi. Mən dedim kim narazıdırsa, üç addım irəli çıxsın. Çıxanları avtobusa yığıb apardım ağsaqqallara təhvil verdim. Qaldı 14 nəfər. Axşamdan hazırlıq gördük, qonşu kəndlərdən at-eşşək tapdıq, mərmilər, qumbaraları yüklədik və qatı dumanın olduğu bir gündə əməliyyata başladıq. Maneəsiz yüksəkliyə qalxıb səngəri qazdıq. Düşmən xəbər tutanda artıq gec idi... Ermənilər sonrakı müddətdə daim bu mövqeni atəşə tutub, itkilər vermişik. Ancaq bu yüksəklik 1993-cü ilin yayında əldən getdi..."
“Mən heç vaxt Ermənistan ərazisində əməliyyat aparmamışam. Amma mən orda əməliyyat keçirənləri də tanıyıram, dövlət sirri olduğundan ad çəkə bilmərəm. Mən ancaq Qarabağda əməliyyatlar həyata keçirtmişəm. Məsələn, Hadrutun Məlikcan kəndində əməliyyatımız olub. Ərgünəş deyilən böyük və həm də gözəl dağ var, ətrafında da kəndlər, həm də Hadrut yerləşir. Bizim Məlikcanı götürməyimiz bir neçə dəqiqə çəkdi. Mən bu əməliyyat zamanı ayağımdan qəlpə yarası almışdım. (ayağındakı çapığı göstərir-E.P.) Bu hadisə 1992-ci ilin 15 avqustunda olub, həmin gün mənim 31 yaşım tamam olub. Amma onda mən üçüncü dəfəydi yaralanırdım. İkinci dəfə sağ qolumdan qəlpə yaraları almışam. (Bu dəfə qolundakı çapıqları nişan verir-E.P.) Həmin qəlpələr sinir üstündə olduğundan indiyədək qolumda qalır. Qolum bir neçə dəfə tutulub, açılıb. Odur ki, mən 3-cü qrup müharibə əliliyəm. İlk dəfə isə kürəyimdən yaralanmışam. Mən iki dəfə kontuziya da almışam. Hospitalda diaqnoz qoyulub, dərman verilib, az sonra cəbhəyə dönmüşəm. O vaxt hospitalda yatmağı özümüzə ar bilirdik. Ağdərə əməliyyatı ərəfəsində, 1992-ci ilin 28 iyununda Azərbaycan ordusunun ilk kütləvi hücum əməliyyatı oldu. Onda mən hospitala düşmüşdüm. Uşaqlar gəldilər yanıma, dedilər vəziyyət ağırdır, cəbhəyə döndüm. 1992-ci ildə hərbi çağırış haqqında fərmandan sonra mənə əlavə qüvvə göndərildi və bölüyümdə 150 nəfərədək əsgər vardı”.
Uğurlu Ağdərə əməliyyatı
“Onda biz bilmirdik ki, Baş Qərargahda nə plan hazırlanıb. Sadəcə Ağdərə əməliyyatında plan belə idi ki, hər kəs cənub Qarabağda bütün qüvvələr irəli hücum etməlidir. Məsələn, Cəbrayılda hücum edib Sur kəndini götürmüşdülər. Biz də hücum edib Məlikcanı almışdıq, ancaq geri çəkilməli olduq. 4-5 gün sonra isə Ağdərə alındı və başa düşdük ki, bizim hücumun məqsədi nə imiş. Düşmənin qüvvəsini parçalamağımızın nəticəsi idi ki, Nəcməddin Sadıqov Ağdərəni alanda heç kimin burnu qanamdı. Mən Rusiyada olanda ağdərəli erməni döyüşçü ilə söhbət etdim. Deyirdi bizdə heç kim qalmamışdı, hamını Martuni, Hadrut zonasına basmışdılar, Ağdərəyə hücum olanda da geri çəkilməyə vadar olduq”.
“Şəxsi işim itdi deyə, yenisini yazdılar. Hansı ki, mən çoxlu əsir gətirmişdim, hamısı barədə də şəxsi işimə yazılmışdı. Özüm 9 əsir tutmuşam, hamısı da hərbçilər idi, mənim mülki ermənilərlə işim yox idi. Onların biri baş leytenant, qalanı əsgər idi. Səngərdən gətirdiyim əsgər də olub, 30 km arxadan bir evdən tutub gətirdiyim polis də. Horadiz əməliyyatı ərəfəsində iki erməni tutdum, biri kefliydi, onu öldürdüm, digərini gətirdim. İranla Azərbaycan arasındakı bir mövqeyə - "Platna"ya hücum etməliydik. Məlum oldu ki, bu erməni Xankəndindən mazut aparmaq üçün gəlibmiş, bölgədən tam xəbərsizdir. Həmin erməni mənim düşmənim olsa da, onunla normal davranmışam. Əsl döyüşçü əsirə heç nə eləmir. Mən heç vaxt imkan verməmişəm ki, erməni əsirə bir çırtma vurulsun, təhqiredici hərəkətlər olsun".
“Ölümdən sonrakı həyat”
“1993-cü ilin 24 iyulunda ikinci kantuziya alıb düşmənin mövqeyində qalmışam. Füzulinin Üçtəpə deyilən yüksəkliyində olub. Orda mənimlə olan əsgərlərdən ikisi sağdır. Biri Tərlan Qarayevdir... Qumbara partlayanda üstümə torpaq tökülmüşdü və yaralandığım üçün huşumu itirib qalmışdım. Ayılandan sonra bildim ki, azı bir saat keçib. Avtomat boynumda olsa da, maqazini sonadək boşalmışdı. Üstümdə ehtiyat maqazin olsa da, dəyişə bilmirdim. Eldar adlı yoldaşımız yaralananda Qarayevə dedim ki, bunu çıxart. Tərlan onu götürüb çıxanda onları müdafiə məqsədilə düşmən əsgərləri tərəfə qumbara atmaq istədim. Elə qumbara bir, "zapal" o biri əlimdə ikən erməni mən tərəfə qumbara atdı..."
***
“Bizimkilər məndən əl üzüb mövqeni tərk etmişdilər. Ermənilər onda Üçtəpəni aldı və indiyədək ordadırlar. Mən ayılanda erməni ilə üz-üzə gəldim. Əlimdəki qumbaranı erməninin sifətinə daş kimi vurdum, yıxıldı. Qaçmaq istəyəndə gördüm erməni pulemyotçusu üzü bizim səngərə sarıdır və digər istiqamətə atəş açır. Mən qaça-qaça əl atıb tapançamı götürdüm və buna 3 güllə vurdum. Yadımdadır ki, səngərdəki həmin yaralı erməninin üstündən tullananda yaralı halda əl atdı ki, mənim ayağımı tutsun, ancaq alınmadı. Bu vaxt başqa istiqamətdən atəşə tutuldum, özümü uçuruma atdım, yumalandım aşağı və bir kolun dibinə girdim. 8-9 erməni vardı, ətrafı atəşə tutdular, ancaq yerimi bilmədikləri üçün mənə güllə dəymədi. Mən burda nəfəsimi dərdim, avtomatın da maqazinini dəyişdim. O biri maqazinləri atdım və durub bir də qaçdım, ermənilər atəşə tutsalar da, yenə güllədən yayına bildim. Gəlib üzümlükdəki şumlanmış bir yerə girdim və maqazin boşalınca mən bunlara atəş açdım. Bundan sonra üzü Füzuliyə doğru sürünməyə başladım. Yaxındakı çaya düşdüm, daha yarğanda güllə tutmurdu. Su içdim, əl-üzümü yudum, çayla da gəlib Şıxlı kəndinə çıxdım”.
“Mən ondan sonra bir həftə müalicə almalı oldum. Sakitləşdirici vururdular. Həmin döyüşdə bizim itkilərimiz də oldu, şəhidlər verdik. Ancaq onların heç yerdə məzarı yoxdur. Şəxsən mən şəhidlərimizin 3-nü yaxından tanıyırdım. Sonradan onların yaxınları gəldi, vəziyyəti danışdıq”.
“Bizdə operativ hissənin rəisi, mayor rəhmətlik Elxan Bağırov vardı, ermənilər onu öldürüb meyitini girov götürmüşdülər. Biz də düşmənin podpolkovnikini öldürmüşdük, meyitləri dəyişirdik. Ermənilər Elxanın qızıl dişlərini çıxartmışdılar. Mənim müavinim indi Gəncədə yaşayan Oruc Quliyev var, o biz tərəfdən getmişdi. Ermənilər tərəfdənsə Edik adında birisi vardı, qabaq Tuğ kəndinin milis sahə rəisi olub. Oruc soruşmuşdu ki, Edik, əsir düşsəydim, məni də bu günə salacaqsınız? Erməni demişdi ki, bala, eşşək əlinə düşərsən eşşək kimi yaşayarsan, adam kimi yaşayarsan. Hətta mən qız uşağı tanıyıram, erməni onu əsir tutsa da, sonra deyib ki, bax, filan tərəfdə sizinkilər var, get, onlara qoşul xilas ol. Düşmən olanda nə olar, onların da yaxşı əməllərini demək lazımdır. Bu gün Qarabağda yaşayan ermənilər də bizim vətəndaşlarımızdır. Biz xüsusi əməliyyat tədbirləri nəticəsində əsl cinayətkarların cəzalandırılmasına nail olmalıyıq”.
Azərbaycanlı və erməni döyüşçü illər sonra üz-üzə...
“Ermənistan və Qarabağ erməniləri arasında böyük uçurum var. Bu, hətta əsgərlikdəki "dedovşina"ya qədər gedib çıxır. Ermənistan erməniləri deyirlər bizə Qarabağ problemi lazım deyil. Qarabağ erməniləri isə deyir biz gül kimi yaşayırdıq, Ermənistandan saqqallılar gəlib bu cür vəhşiliklər elədilər, Xocalını törətdilər və s. Yəni günahı bir-birinin üstünə atırlar".
“İşğal altındakı ərazilərimiz sözsüz ki, azad edilməlidir. Bu yolda savaşın alternativi yoxdur. Mən Rusiyada Qarabağ döyüşçüsü olan, elə səngərin o tərəfində mənə güllə atmış erməni ilə üzbəüz oturub söhbət etmişəm. Deyir biz qan töküb bu torpaqları almışıq, indi geri çəkilsək, bizim özümüzü öldürərlər. Bu mənada Qarabağın azadlığı üçün yeganə çıxış yolu müharibədir”.
Pusqu əməliyyatı...
“1992-ci ilin avqust ayının 7-də pusqu əməliyyatlarını həyata keçirdik. O zaman Ələsgər Allahverdiyev adlı döyüşçümüz Əbdurrəhmanlı kəndində həlak olmuşdu və meyiti düşmən tərəfdə qalmışdı. Allahverdiyevin meyitinin yerini bilən yeganə adam - idman müəllimi olan Mətləb müəllim isə ermənilər tərəfindən əsir götürülmüşdü, Hadrutun Edilli kəndində türmədə saxlanılırdı, ermənilərin qərargahı orda yerləşirdi. Mətləb müəllim Ələsgər öldürüləndə görmüşdü. O zaman Mətləb müəllimi almaq üçün ermənilərlə danışıqlar aparıldı. Düşmən konkret adlar çəkib Mətləb müəllimin əvəzində həmin erməni döyüşçülərin qaytarılmasını tələb edirdi. Ancaq bu, mümkün olmadı. O zaman alay komandiri olan Rövşən Əkbərovdan (hazırda korpus komandiri, Milli Qəhrəman - E.P.) xahiş etdim ki, birgə pusqu əməliyyatı keçirək. Avqustun axırı, sentyabrın əvvəlində Füzulidə güclü əməliyyat keçirdik və Rövşən Əkbərov bizə 5-6 erməni meyitini verdi. O zaman ermənilərdə ruh yüksəkliyi yaranmışdı, elə bilirdilər İmişliyə qədər onların əlindədir. Hara gəldi basıb gedirdilər, biz də onları pusquya salıb məhv etdik. Ermənilərlə şərtləşdiyimiz kimi, Mətləb müəllimi geri aldıq. Sonra o, rəhmətlik Ələsgərin meyitini ərazidən götürdü. Əslində bu proses sentyabrın sonuna qədər uzandığı üçün meyitin ancaq sümüklərini kisəyə yığıb gətirə bildik. Beləcə, ermənilərin meyitlərini Şükürbəyli kəndi yaxınlığında qaytardıq.
***
“Mənim də döyüş tapşırığını yerinə yetirmədiyim vaxt olub. Amma heç vaxt özümə bəraət qazandırmamışam. Bu, Qorqan istiqamətində baş verib. Mən 2 əsir götürməliydim. Hətta erməniləri xeyli müddət ərzində mühasirədə saxladım. Döyüş zamanı mənim 6-7 əsgərim yaralandı, düzdür, şəhidimiz olmadı. Ancaq mən erməniləri əsir götürə bilmədim. Həm mövqeləri güclü idi, həm də fanatikcəsinə döyüşürdülər. Ermənistanın ”Sovetaşanskiy speçnaz" deyirdilər, orda, xüsusi təyinatlılardan ibarət 555 nömrəli alay var idi. Bu qüvvə Füzuli istiqamətində yerləşdirilmişdi. 1994-cü ildə yanvarın 8-dən 9-na keçən gecə gətirildilər, həmin gecə də yadımdadır. Biz kəşfiyyat məlumatları əsasında qarşımıza gətirilən hərbi qüvvə barədə məlumat almışdıq. Ancaq həmin qüvvənin komandiri, silah-sursatı və sair barədə konkret məlumatlar almalı idik. Mən onlardan ancaq 1 əsgər əsir götürə bildim, yalnız aprel ayında. Hətta bir əsgəri qovub diri tutmaq istədik. Həmin erməni sağ ələ keçməmək üçün yerdəki qumbaraatan mərmisini götürüb yanındakı daşa çırpıb partlatdı, özünü öldürdü. 18-19 yaşında cavan oğlan idi".
Qarabağdakı zənci, rus, əfqan döyüşçülər
“Saqqallı ermənilərlə də çox üz-üzə gəlmişik, öldürmüşük. Zənci döyüşçülərlə qarşılaşmamışam. Amma rus hərbçilərlə üz-üzə də gəlmişəm, 1 rus döyüşçünü də diri əsir götürmüşəm, minaaxtaran muzdlu döyüşçü idi. Elə mənim öz bölüyümdə hələ 1992-ci ildə iki rus döyüşçü var idi. Deyəsən, biri Pensk şəhərindən idi...
1992-ci ilin aprel-iyun aylarında əks-kəşfiyyat xarakterli agent şəbəkəsi yaratmışdıq. O zaman Rusiyanın sərhəd qoşunlarının bölməsi Hadrutda yerləşirdi. Bu bölmədə xidmət keçən 3 hərbçi mənə işləyirdi. Onları özüm şəxsən “verbovat” eləmişdim. Hətta bu bölmənin kəşfiyyat rəisi ilə görüşüm də olmuşdu...
...Sizə əfqanlardan mühüm bir şey deyim. Mən bir dəfə Zərdüşt Əlizadənin sözlərini oxudum. Demişdi ki, guya əfqanlar tankı kəməndlə tuturmuş. Ancaq onların pulları verilmədi deyə, qayıdıb getdilər. Birincisi, hansısa bir muzdlu döyüşçünü Qarabağa gətirmək Azərbaycandakı milli azadlıq hərəkatını, suverenliyimizi, öz ordumuzu gözdən salmaq idi. Çünki bizə nə olmuşdu, burda döyüşçü yox idi ki? Zaqafqaziyadakı üç hərbi məktəbdən ikisi Bakıda idi. Kifayət qədər kadrlarımız vardı. Əfqanlardan elələri vardı, and olsun Allaha, avtomat ata bilmirdilər. Qəşəng yeyib-içib gedirdilər. Düzdür, onların da döyüşənləri olub. Mən Şərafəddinlə, Camalxanla, bir də Nəbinin dəstəsi ilə birgə döyüşmüşəm. Onların sıralarında döyüşənlər var idi. Amma ümumən onların xüsusi təriflənməsi yersizdir. Onların əvəzinə bizim döyüşçülərimizə diqqət ayrılsa, daha yaxşı olardı..."
Rusiya təhlükəsi...
“Mən Rusiyada uzun müddət yaşamışam və operativ işlərdə çox iştirak etmişəm, ancaq heç nədən çəkinmədən hər şeyi açıq deyə bilərəm. Ermənistandakı 102 saylı hərbi bazanın texnikasına, az qala şəxsi heyətinə qədər bizdə məlumat var. Azərbaycan öz ərazisində, Dağlıq Qarabağda savaş aparmağa qadirdir, istər rus olsun, istər erməni, fərqi yoxdur. Amma biz Ermənistana hücum edə bilmərik, çünki bu, başqa rəng ala bilər. Amma Dağlıq Qarabağ hücum etməliyik. Buna 1994-cü ilin 5 yanvarından Horadiz əməliyyatı örnəkdir. Artıq o əməliyyatda sübut olundu ki, Qarabağdakı əməliyyatlarda top, tank lazım deyil, elə taktika ilə bir həftəlik əməliyyat aparırsan, önəmli mövqeləri tutub yerləşirsən. Ondan sonra qoy yenidən atəşkəs olsun. Ancaq 2-3 ildən sonra yenə də oxşar taktika ilə hücuma keçirsən, məsələ həllini tapır. Artıq örnək var. 8 saatın içində düşmən 30 km geri otuzdurulubsa, ərazilərimiz qaytarılıbsa, demək, biz növbəti əməliyyatları da həyata keçirə bilərik. Onu da unutmayaq ki, bizə uzunmüddətli hərbi əməliyyatlar keçirməyə heç kim imkan verməz”.
“Horadizi elə kəşfiyyatçılar geri qaytardı”
“Mən təcrübəmi hər zaman sərf eləməyə, vətənə xidmət etməyə hazıram. Ancaq təəssüf ki, bizə heç kim baxmır. Adicə bir söz deyim, kəşfiyyatçıların hazırlıq prosesində bizim təcrübəmizdən niyə istifadə olunmur? Məsələn, rus-erməni qruplaşmasının qurduğu pusqunun sxemi var. Şəxsən mən onun detallarını bilirəm. Onu niyə bizim kəşfiyyatçılara öyrətməməliyəm? Azərbaycan hərb tarixində böyük bir əməliyyat olub Horadizdə və bu əməliyyatı o qəhrəman döyüşçülər həyata keçirib. Bəlkə də belə bir riskli nəhəng əməliyyat bir daha olmayacaq. İnanmırsınızsa, Üzeyir Cəfərovdan (ehtiyatda olan polkovnik-leytenant - E.P.) soruşun. Düşmənin arxasına 30 km keçib əməliyyat aparmaq adi məsələ deyildi. Onda düşmən xeyli itki verdi. Elə mən artilleriya qurğusunun yanında 11 meyit saydım.
Horadiz əməliyyatında mən tapşırıq əsasında 300 nəfəri düşmən arxasına keçirmişəm. Üstəlik də mənim özümün əlavə 50 nəfərlik qüvvəm var idi. Belə əməliyyatlarda hər addımı atmağın belə qaydası var, bunlar kəşfiyyatçıya dəqiqliyi ilə öyrədilməlidir. Ani bir səhv bütün əməliyyatı alt-üst edə bilər. Horadizi elə kəşfiyyatçılar geri qaytardı. Ən çox itkini də kəşfiyyatçılar verdi. Bir nəfər də Milli Qəhrəman adını aldı. Mən 4 nəfərə - ikisinə, Novruz və Razi Əliyevə ölümündən sonra - “İgidliyə görə” medal yazmışdım ki, təltif olunsun. Ancaq indiyə qədər o adı verməyiblər. Müdafiə Nazirliyinə yazıram, deyirlər bu müraciət bizə gəlib çatmayıb. Əliyev Razi Zeynalabdin oğlunun şəkli Binəqədidə, 7-ci mikrorayondakı kiçik parkda, şəhidlər bulağının üstünə vurulub. Mənim döyüşçüm olub. 1994-cü ilin 5 yanvarında Horadiz əməliyyatında yaralı halda düşmən əlinə düşməmək üçün özü-özünü öldürüb. Mən indiyədək ona yazdığım medalı ala bilmirəm. Ancaq arxa cəbhədə olan bəziləri “Azərbaycan bayrağı” alıb. Mənə də yazmışdılar. Ancaq cavab verdim ki, mən əməliyyatda tək olmamışam, bu döyüşçülərlə birgə olmuşam. Ona görə də həmin şəxslərin də təltif olunması üçün komandir olaraq təqdimat yazıram. Əgər siz onları təltif etmirsinizsə, mən öz əsgərlərimlə üz-üzə gələ, onların üzünə baxa bilmərəm. Əgər onlar almadığı halda mən o ordeni alsaydım, onların üzünə baxa bilməzdim, vicdanım ləkəli qalardı..."
***
“Atəşkəs sazişindən sonra məni Türkiyəyə təhsil almağa göndərdilər, gedib ”Komandos" məktəbində oxudum. Düşmən arxasında əməliyyatın keçirilməsi ixtisası üzrə sertifikat aldım. Qayıdandan sonra “N” saylı hərbi hissəyə kəşfiyyat rəisi vəzifəsinə təyin olundum. Daha sonra korpuslar yarandı və məni 2-ci korpusa əlahiddə bölüyün komandiri təyin etdilər, ordan da tərxis olundum. Əmrim 1998-ci ildə verilib...
Ordudan tərxis olunsam da, mənim ürəyim ordumuzla birgə döyünür. Kəşfiyyatçılarımızın Ermənistan ərazisində və işğal altındakı ərazilərimizdə əməliyyat aparmasına çox təbii baxıram. Bizim Dağlıq Qarabağda diversiya hərəkətləri həyata keçirməyimiz üçün də kifayət qədər qüvvələrimiz var, bu, mümkündür. Hətta qüvvə olmasaydı belə, 3 aylıq hazırlıq bəsdir. Mənim sonuncu vəzifəm korpusun əlahiddə kəşfiyyat bölüyünün komandiri olub. Ağdamın Yusifcanlı kəndinə kimi mənim ərazim idi. Mənim işim düşmən arxasında əməliyyatları həyata keçirmək idi. Kəşfiyyat bu əməliyyatlardan biri, ən sadəsi, xırdasıdır. Diversiya törətmək, xüsusi əməliyyat həyata keçirmək kimi işlərin hamısı vacibdir, olmalıdır...
Kəşfiyyatçı marağı indi də məni tərk eləmir, imkan düşdükcə düşmən cəbhəsindən məlumatlar almağa çalışıram. Ermənilərin vəziyyəti bizdən yaxşı olmasa da, çox pis də deyil. Bəzi məsələlərdə biz, bəzilərində onlar güclüdür. Ancaq heç bir halda bunlar bizi torpaqlarımızın azad olunmasından çəkindirə bilməz".
Ağrılı sonluq...
“O vaxtlar Ağdamın Gülablı kəndində - gözəl sənətkarımız Səxavət Məmmədovun kəndidir - bizim gözəl turist bazamız var idi. Orda gözəl günlər keçirərdik. İndi orada ermənilər dincəlir. İşğalçılara məxsus Şuşa polkunun qərargahı həmin turist bazasında yerləşir...”

İlham Ağalarov: QARABAG QAZİSİ - 666463823951

Комментарии