19 дек 2012

“Canım, atam və anam.

Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar.
Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam - ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.
* * *
Bu sözlər cəbhənin Tərtərin Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək qəhrəmancasına şəhid olan Milli Ordunun 22 yaşlı giziri Mübariz Ağakərim oğlu İbrahimovun valideynlərinə ölümündən bir gün qabaq yazdığı məktubdandır.
Şəhidin atası Ağakərim kişi bu məktubu əzbərləyib, bizimlə söhbəti zamanı məktubda yazılanları olduğu kimi deyir...
Şəhid Mübariz İbrahimovun haqqında daha çox öyrənmək üçün Biləsuvara gedirəm. Mübarizi doğulub boya-başa çatdığı Biləsuvar rayonunda hamı tanıyır. Elə yolda, taksi ilə gedərkən maşında hamı onun cəsarətindən və ürəkli bir insan olduğundan danışırdı. Yolda dedilər ki, Mübarizin atasının evi Biləsuvar rayonunun Əliabad kəndindədir. Kəndin girəcəyində yerləşən orta məktəbin yanında bir ev var. Evin həyətində Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Kənddə yaşayanlar bu evin Ağakərim İbrahimovun olduğunu deyirlər. Evə yaxınlaşıram...
Həyətin darvazaları açıqdır; çoxlu stol-stul düzülüb. Bir küncdə bir neçə nəfər əyləşib. Sakit və qəmgin insanlardan ikisi şəhid Mübariz İbrahimovun qardaşlarıdır. Onun dostları da burada idi. Bizi qarşılayan Mübarizin qardaşı atasının namazda olduğunu deyir. Bir neçə dəqiqə sonra namazını qurtaran şəhidin atası da gəlir. Ağakərim kişinin gözlərindən ələm yağır. Amma bu kədərin arxasından bir təmkin və qürur da boylanır...
Mübarizin uşaqlığından danışan ata onun vətənə bağlı bir gənc olduğunu deyir: “1994-cü ildə Mübariz birinci sinfə gedib. Məktəbdə əlifba bayramı keçirilirdi. Mən özüm toylarda və şənliklərdə oynayan insan deyiləm. O, əsgər mahnısı çaldıraraq təkid etdi ki, mən də onunla oynayım. Əslində bu hadisə mənim yadımda elə də qalmamışdı. Bu yaxınlarda onun müəllimləri mənə danışdı. Hər bir vəchlə vətən bayrağını ucalığa qaldırmağı düşünürdü. Namaz qılardı. Çox tərbiyəli idi. Ən acığı gələn şey yalan və rüşvət idi. Rüşvət alıb-verən insanlara pis baxardı. İki yol seçmişdi. Deyirdi ya hərbçi olacaq, ya da idmançı. Onun daxilindəki vətən, torpaq sevgisi çox böyük idi. Bu sevgiyə qapanmışdı”.

Комментарии

Комментариев нет.