22 янв 2013

Qızılağac Dövlət Təbiət Qoruğu

Yaradıldığı il: 1929
Sahə (hektar):88,360
Olduğu yer: Lənkəran rayonunun ərazisində, Böyük Qızılağac körfəzində
Qısa məlumat:Azərbaycanda köçəri quşların daha çox məskunlaşdığı ərazi respublikanın cənub-şərq hissəsində, Kür deltasının cənubunda yerləşən Böyük Qızılağac körfəzi və onun ətrafının quru və bataqlıq sahələridir. Həmin körfəzdə və onun ətrafındakı Lənkəran və Masallı rayonlarının bataqlıq sahələrində vaxtı ilə köçəri quşlar daha çox idi. Lakin illər boyu ekoloji şəraitin dəyişməsi və qanunsuz ov nəticəsində köçəri quşlar xeyli azalmışdır. Qızılağac Dövlət Təbiət Qoruğu respublikamızda sahəsinə görə birinci qoruqdur. Qoruğun yaradılmasında məqsəd Azərbaycanın müxtəlif ərazilərində quşları qorumaq, onların sayını artırmaq, onların məskunlaşması üçün əlverişli şəraiti daha da yaxşılaşdırmaqdır.
Qızılağac Dövlət Təbiət Qoruğu 1976-cı ildən Beynəlxalq konvensiyanın ilk su-bataqlıq regionunun biri kimi siyahıya daxil olmuş, bununla da beynəlxalq əhəmiyyətli qoruq kimi təsdiq edilmişdir. Ərazidə əsasən yayı quraq keçən mülayim-isti yarımsəhra və quru bozqır, qismən də (cənub hissəsi) yayı quraq keçən mülayim-isti iqlim tiplərinə hakimdir. Havanın orta illik temperaturu 14,40J-dir. Qışı mülayim keçir, ən soyuq ayın orta temperaturu 3,20J, ən isti ayın orta temperaturu isə 25,50J olur. Böyük Qızılağac körfəzinin dərin sulu sahələrində kiçik dənizotu cəngəllikləri, dayaz yerlərində isə yaşıl, diatom və göy-yaşıl yosunlar geniş sahələri əhatə edir. Kiçik Qızılağac körfəzində su çiçəkləri, buynuzyarpaq, sulələyi və s. sualtı bitki örtüyü əmələ gəlmişdir. Burada qamış, dəniz lığvari, ciyən və s. bitkilər bitir.
Qoruğun Böyük və Kiçik Qızılağac körfəzlərində 30 növdən artıq balıq qeydə alınmışdır. Siyənək, kütüm, çəki, naxa, sıf, çapaq, kefal, xul və s. balıqlar mühüm sənaye əhəmiyyətlidir. Ərazidə məskunlaşmış quş növlərindən 20-yə qədərinin adı (qıvrımlələk qutan, çəhrayı qutan, qara leylək, mərmər cürə, dəniz qartalı, məzar qartalı, berkut, turac, dovdaq, bəzgək, sultan toyuğu, ərsindimdik, qızılqaz, qırmızıdöş qaz, fısıldayan qu, kiçik qu, çöçükburun cüllüt, ağquyruq çökükburun, çöl haçaquyruq cüllütü) Azərbaycanın «Qırmızı Kitabı»na daxil edilmişdir. Qoruqda məməlilərin də bir çox növləri yaşayır. Burada canavar, tülkü, çaqqal, qamış pişiyi, porsuq, Qafqaz gəlinciyi, uzunquyruq ağdiş, Zaqafqaziya kirpisi, Zaqafqaziya dovşanı və s. növlər yayılmışdır. Boyük Qızılağac körfəzində Xəzər suitisi vardır.

Комментарии

Комментариев нет.