"KƏLBƏCƏR DÜNYASI-ƏDƏBİ XATİRƏLƏR" kitabımdan..

ZƏMANƏSİNƏ BAŞ ƏYMƏYƏN ŞAİR
SÜCAƏT POEZİYASI HAQQINDA
Kimi tutqun doğulur, tutqun ömür-gün sürür,
Kimi günəş şəfəqi saçır gedir dünyadan.
Kimi düymə yaranır, düymə düşür budaqdan,
Kimi qızıl gül kimi açır, gedir dünyadan.
Həqiqətin poeziya dili ilə bir bənd şerdə tərənnümü:- hər kəsə paylanan ömür payı müxtəlif olur. Kimi gül aşmamış, kimi isə bütün səfasını görüb, düyadan gedir. Bəzən elə şairlər olur ki,
onun sağlığında yazdıqlar kimsəyə çatmadan yaddan çıxır və özü kimi yadaşlardan da silinir. Şairin özü də şerləri kimi yad olur. Hələ sağlığında sözləri ürəklər oxşayan, məclislərin bəzəyinə çevrilən şairlərimizdən idi Sücaət. Mən çəkinmədən deyərdim ki, şairin ilk oxucularından biri elə mən idim. Tez-tez görüşərdik. Axı Kəlbəcər rayonu çox da böyük deyildi. Ağsaqqallarımızın dediyi kimi:-“Yuxarı düzdə asqıranda, aşağı düzdə eşidilərdi”. Kəlbəcərin xoşbəxt vaxtları idi o zamanlar. İnsanlar arasındakı mehribanlığı, səmimiyyəti hara getdiksə görə bilmədik. Elə bil ki, bu səmimyyət də şairin dediyi kimi:-“Bu dağların o üzündə qalıbdı”. Yurd-yuvamızdan perik quşlar kimi pərən-pərən düşdük. Hansı namərdlərin əli ilə dağıdıldı tifağımız görəsən? Sücaətin dediyi kimi:
Ancaq yuva dağılır, namərdlərin əlindən,
Şeytan söyüş aparır, fitnəsindən, felindən.
Bayquşun öləndə də “vayı” düşmür dilindən,
Bülbül elə nəğməynən uçur, gedir dünyadan.
Amma bülbüllərin də hamısı heç də sevincdən oxumur, çox vaxt dərdini car eliyib oxusa da, yenə bülbül səsidir. Bayquşun vayı da xarabalıqlardan bəhs edər. Namərdlərin əliylə dağılan yuvaların şeytan əməli olduğunadamı inanmayaq?! Axı dünyamızın şirin vaxtları da çox olub:-
Əvvəli şirin olar, şəkərə, qəndə bənzər,
Sonrası qəm selindən dağılmış bəndə bənzər.
Bu həyat bir davalı-dalaşlı kəndə bənzər,
İnsanlar, qorxa-qorxa keçir, gedir dünyadan.
Həyat həqiqətlərini necə də olduğu kimi deyib. Allah rəhmət eləsin. Elə bil ki, bu günümüzü əvvəldən görürmüş. Axı bu şer yanılmıramsa 1978-1980- illərdə yazılmışdı:
Namərd şah saraylıdı, mərd dilənçi kökdədi.
Düz deyənin talehi bir nazıkcə tükdədi.
Kimi elə bilir ki, hamı bir ürəkdədi,
Kimi yaxşını pisdən seçir, gedir dünyadan.
Başına nələr gəlmədi şairin. Bəlkə də heçnələrin, etinasızlıqlarının ucbatından hətda zindan da gördü.
Bütün bu ağrı acılı həyat hadisələri onun şerlərinin misralarına hopdu. Zamanı gəldikcə el arasında yayıldı. Dərdinin carçısına çevrilən poeziyası el arasında həmişə sevildi:
Mən həyatdan zorlamı bir az xoş gün qaşıyım?!
Sücaətəm, bu dərdi axı necə daşıyım.?!
Kimi kədər tanımır, deyir:-min il yaşayım,
Kimi dərdin əlindən qaçır-gedir dünyadan.
Əli çox yerdən üzülən şair yenə könlünü vərəqlərə tökür, dərdini san ki, özü-özünə pıçıldayır. Zamanın uğusuz gedişi onu ovuda bilmir. San ki misraları ilə özünə təskinlik verir və zəmanəsinin iç üzünü göstərməyə çalışır:
Zaman məni sevərmi heç?!
Nə böhtanam, nə şərəm mən.
Bir mərd oda düşüb yansa,
Ondan betər bişərəm mən.
Bu dünyanın xəstə halın,
Gəlin məndən xəbər alın.
Haqq dalınca ayaqyalın
Diyar-diyar düşərəm mən.
Sücaətəm bir budaqda,
Hər şey yalan, hər şey saxta.
Nə görmüşəm düz olmaqda?!
Nə ağılsız bəşərəm mən?!
Sücaət poeziyasının özünə məxsusluğunda bir qəm, bir kədər yaşayır. Bəlkə də talehin uğursuzluqları hopmuşdu misralarına. Xüsusən də məlum Qarabağ hadisələri, elimizin-obamızın düzlərə səpləşdiyi zamanda elə bil hamımız ağır dərd yüklu ləngərli qatarlar kimi dərdimizi daşıyırdıq. Bir dəfə təsadüfən gəncəlik dostum, qardaşı Hidayətlə birlikdə şəhərdə ötəri görüşdük. Hal-əhval tutduq. Dedi:-Hidayət, Yusif yaxşı əmioğludu bilirsənmi?
Hidayət dedi:-Sücaət, Yusif elə rayonda olandan hamı onu özünə dost-qardaş bilib. Nə yazıq ki, burda əlimizdən nə gəlir ki, hətda təsəlli verməyə söz tapmırıq. Həm də maraqlıdır ki, Yusif bütün Kəlbəcər şairlərinin yaradıcılığını sinədəftər bilir. San ki, həmişə özü ilə bərabər Bəhməni, səni, Ənvər Rzanı, Məmməd Aslanı, Adıl Cəmili poeziya dünyasını gəzdirir. Kəlbəcər ədəbi mühitini Yusif kimi yaddaşına həkk edən ikinci bir şair tanımıram.
Yenə də şairin poeziyasına qayıdaq:
Bir çeşmə var imiş, qaşımın altda,
Zəhər gizlənibmiş aşımın altda,
Yastıq daşa dönüb, başımın altda,
Burda hardan alım dizi anamın?!
Ağrili acılı günlərində zindan həyatında anasının dizini arzulayan şair, bundan artıq nə deyə bilər ki?! Yadına doğma yurd yerlərində yaylaqlarda, dağlarda analı günləri yadına düşsədə əli çatmır. Yenə də xəyalən o sevdalı günlərinin qonağı olur:
Ay vurulmuş, ayaqyalın, qol açıq,
O dərədə nə durmusan, belə çıx.
Anam məni çağırdığı alaçıx,
Şillələyən əl yadıma düşübdü.
Sücaətin özünə məxsus söz dünyası və yaradıcılıq ənginlikləri vardı. Hər bir mövzusu oxucu ürəyinə yol tapa bilirdi. Həyat həqiqətlərini poeziya diliynən necə də gözəl deyirdi:
Qəlbə toxunmasa, yaşaya bilməz,
Zülmün çırağının yağıdı insan.
Könül, ehtiyatla dolan dünyada,
Unutma, zəhərdi, ağıdı insan.
Qurd girə qəlbində dolana, dəyməz.
Yana, parçalana, talana, dəyməz.
Əqrəbə toxunmaz, ilana dəyməz,
Yalnız insan üçün yağıdı insan.
Sücaət, ürəklər qorxusuz vurmur,
Gözlərin sevinci gözlərdə durmur.
Quş da yuvasını yaxında qurmur,
Bilir ki, xaniman dağıdır insan.
Bəzən dünyanın çək-çevirindən, insanların biganəliyindən cana doyan şair yenə də dözə bimir, öz həyat hekayətlərini qəmli bir ürək yanğısı ilə ellərə, obalara pıçıldamağı bacarır. Öz ağrili-acılı talehindən oxucularını da halı etməyi yaddan çıxarmır:
Bahar gəzdim, yay dalınca yüyürdüm,
Birdən gəlib qışa çatdım, ay ellər.
Nə uşağam, nə cavanam, nə qoca,
Nə gülməli yaşa çatdım, ay ellər?!
Yar küsəndə, yoldaş gennən ötəndə,
Tənha qaldım, qərib oldum vətəndə.
Tay-tuşlarım gül-çiçəkdə itəndə,
Mən üz üstə daşa çatdım, ay ellər.
Sücaətəm, qəmdə yuva salmışam,
Bu həyatdan bir belə pay almışam.
Kərəm kimi yanmaq üçün qalmışam,
Ömür kimi başa çatdım, ay ellər.
Şerin izaha ehtiyacı qalmır. Hər bir mənasını açıqlaması və aydınlığı ilə çox lazımlı bir şəkildə deyib. Bir dəfə də görüşəndə hal-xoşdan sonra mənə bir vərəq də verdi. Onda İsti suda ticarət müdiri işləyirdi. Dedi ki:- Əmoğlu, bu şeri özümə nəsihət kimi yazmışam ki, bəlkə vəzifə mənim başımı gicəllətməyə. Axı çoxları vəzifə, pul görəndə keçmişini elə yaddan çıxardır ki, elə bil heç dünəni olmayıb. Sonrasından da Allah saxlasın;-“Eşşəyi minmək bir ayıb, ondan yıxılmaq bir ayıb” misalını da çəkməyi unutmadı. Şer idi, başqa nə olasıdır ki?! Olduğu kimi sizə təqdim edirəm, əziz oxucularım:
Beş-on günlük imkan düşüb əlinə,
Aman, könül, ehtiyatla yaşa ha?!
Pul- hörməti, əqidəni, məsləki,
Bu dünyada çox vurubdu daşa ha?!
Düşürdüyün yükü yaddan çıxarma,
Əlacsızı, təki yaddan çıxarma,
“Du”nu yaddan, “yeki” yaddan çıxarma,
Axıracan düşməyəcək qoşa ha?!
Gözünü yummasın ikiüzlü gərdiş,
Çox mətləbi işarədən başa düş.
Məclisdə yerini el göstərməmiş,
Tələsiyib tez dırmaşma başa ha?!
Əyri yolla getməmisən, getmə də.
Xeyir-şərdə itməmisən, itmədə.
Əzəl gündən etməmisən, etmə də,
Tamah səni təzdən salar qışa ha?!
Sücaətəm, bütöv də mən, talan da,
Açılan da, saralan da, solan da.
Qəmlənəndə, qoy bilməsin balan da,
Sevinəndə- dost-tanışla qoşa ha?!
Ustadnamə səviyyəsində yazılmış bir şer. Sücaətin müraciət etdiyi hər bir mövzu, hər bir şer qüdrətli sair təfəkkürünün məhsuludur desəm səhv etmərəm. Şairin yaradıcılığının çoxunu yaddaşımda saxladığımdan bu yazımda da heç bir köməkçi vasitələrdən istifadə etmək lazım gəlmədi. Belə olanda daha da təbii olur. Nə qədər istəsəniz bu yazımı da yaza bilərdim. Amma özümdən bir beyt demək burada yerinə düşər:
İstər ağa, istər nökər,
Çox danışsa zəhlə tökər!
Ona görə də Sücaətlə olan bir görüşümün də nəticəsini sizə yazmaqla elə bilirəm ki, bu yazıma son versəm daha yaxşı olar.
Bir gün yenə şairlə görüşəndə dedi:-yeni bir şer yazmışam, bax gör xoşuna gələcəkmi?! O yazdığı vərəqi mənə uzatdı. Oxudum. Amma kitablarının hamısına baxmışam, o şer dərc olunmayıb. Hətda Sücaətin 65 illiyində- yubileyində də bunu dedim, aşıqların, həvəskarların çoxuna da mən bu şerri çatdırmışam:
Sənə nadan deyib, gülər üstünə,
Qanmazın yanında şuxluq eyləmə.
Yeri gəlsə, namərdin iç qanını,
Bircə qram gözütoxluq eyləmə.
Adam var ki, adamlığı yerbəyer,
Adam var ki, çoxdu ona qara yer.
İlahi, insana ya bol namus ver,
Ya da ki, yaradıb məxluq eyləmə.
Sücaəti tutsan oxa, kamana,
Sovursan külünü göy asimana,
Sənə baş əymərəm, bil, ey zamana,
Sən mənim başımda şahlıq eyləmə!
Həqiqətən də Sücaət zamanəsinə baş əyməyən şairlərdən oldu. Əgər o da kimə isə, nəyə isə yıxılsaydı, yəqin ki, xalq şairi titulu almış olardı. Amma Xalqın şairi olmaq, Xalq şairi olmaqdan ucadır! Allah sənə rəhmət eləsin,əziz dost!
XIRDALAN. 30-08-2015

"KƏLBƏCƏR DÜNYASI-ƏDƏBİ XATİRƏLƏR" kitabımdan.. - 837862282101

Комментарии

  • 25 авг 2016 07:08
    Gedib cixsam o yerlərə
    Ahim cixacaq göylərə
    Qayitsamda kelbecere
    Sucaeti hardan alim

    Allah rehmet elesin sucaete cox sagolun ki paylaşdiniz
  • 1 фев 2020 10:08
    Mənalı paylaşım...ALLAH rəhmət eləsin...
  • 3 ноя 2024 11:15
    Məni öyrətmisən amana aha
    Ömür keçib gedir baxmır Allaha
    O sən gördüyün sücayət deyiləm daha
    Dərd dağa dönübdür çəkə bilmirəm.
    Allah rəhmət etsin şairimizə