Axund: “Qurban bayramında niyyət qurbanının kəsilməsi düzgün deyil” -AÇIQLAMA

Qurban bayramında adətən qoyun kəsilir. Amma bundan başqa öküz, dəvə, keçi də kəsilə bilər. Bu sözləri SİA-ya Təzə Pir Məscidinin axundu Hacı Faiz Qurban bayramı ilə əlaqədar verdiyi açıqlamasında deyib. O bildirib ki, Qurban bayramında hər bir heyvan onu kəsən şəxsin maddi imkanına uyğun olaraq kəsilir. Onun sözlərinə görə, həmin gün Həccdə olan hacıların qurban kəsməsi vacib, qalanlar üçün isə müstəhəbdir: “Qurban bayramı günündə Həccdə olan insanların adambaşına bir qurban kəsməsi vacibdir. Amma burada qalanlar üçün qurban kəsmək müstəhəb sayılır. Bayram olduğuna görə həmin gün imkanlı adamların sadalanan heyvanlardan birini kəsməsi bəyənilir”.
Açıqlaması zamanı qurban kəsməyin qaydaları haqqında da məlumat verən Hacı Faiz bildirib ki, kəsilən heyvanın əti 3 yerə bölünməlidir. O vurğulayıb ki, ətin bir qismi qonşular, bir qismi kasıblar, yetimlər, bir qismi isə ailə üzvləri arasında bolünməlidir. O əlavə edib ki, toyuq, xoruz və digər bu kimi quş heyvanlarının qurban kimi kəsilməsi düzgün deyil.
Bəzi insanların niyyət qurbanlarının da bu qurbanlara daxil etməsi məsələsinə də toxunan axund söyləyib ki, niyyət qurbanları bu qurbana daxil deyil: “Əgər kimsə hər hansı bir işinin yerinə yetirilməsi üçün qurban deyibsə, onun Qurban bayramında kəsilməsi düzgün deyil. Nəzir qurbanı niyyət yerinə yetirildikdən dərhal sonra kəsilməlidir. Niyyət qurbanının kəsilməməsi günah sayılır. Amma bayramda kəsilən qurban vacib deyil, bu imkanla bağlıdır”.
"Bir neçə insanın birləşib qurban kəsməsi mümkündürmü?" sualına da cavab verən H. Faiz bunun mümkün olduğunu dilə gətirib. O qeyd edib ki, belə olan halda da qurban əti həmin insanlar arasında qaydalara uyğun olaraq bölünməlidir. Yəni ətin bir qismi onu kəsənlər, bir qismi yetim, kasıblar, bir qismi isə qonşular arasında bölünməlidir.
“Qurban bayramında qurban kəsməklə kifayətlənmək olmaz. Qurban bayramı İslamda böyük bayramlardan biri sayılır. Həmin gün insanlar bir-birilərini ziyarət etməli, xəstəxanada olanları, kasıbları yad etməlidirlər. Qurban kəsməyin əsas məqsədi kasıblara, imkansızlara yardım etməkdən ibarətdir. Bəzən elə olur ki kasıblar məhz bu günü gözləyirlər ki, onlara ət gələcək onlar da bayram edəcəklər. Həmin gün müqəddəs ocaqları da ziyarət etmək də savab sayılar”.
Qeyd edək ki, Qurban bayramı bu il noyabrın 16-17-də qeyd ediləcək.
#QurbanBayramı

Комментарии

  • 13 окт 2013 22:00

    Allah razi olsun.