Hicri-qəməri təqvimi ilə 200-cü illərin sonlarında Zalim Abbasi xəlifəsi Məmun İmam Rza (ə) Mədinədən Mərvə dəvət etdi.

Yol boyu İmam (ə) hansı yaşayış məskəninə yetişirdisə, camaat kütləvi şəkildə onu qarşılamağa çıxırdı. Belə şəhərlərdən biri də Nişapur idi. Bu şəhərə yaxınlaşarkən İmamın (ə) pişvazına saysız-hesabsız adam çıxmışdı. Tarixçilərin yazdığına görə imamı qarşılayanların sayı yüz min nəfəri keçirdi. Yazırlar ki, səs-küy, basabas və həyəcan o qədər çox idi ki, heç kəs o cənabla görüşə nail ola bilmirdi. Nəhayət, camaatın gözə çarpacaq dərəcədə böyük bir hissəsini təşkil edən alimlər belə qərara gəldilər ki, imamdan hədis söyləməsini xahiş etsinlər. Hamı bir-birini sakitləşdirməyə başladı. Ağlayanlar, sevincindən gülənlər sakitləşdikdən sonra
İmam (ə) məşhur "Silsilət uz-zəhəb" (qızıl zəncir) hədisini ata-babasından bir-bir sitat gətirərək buyurdu: "Babam Əmir əl-mömininin (ə) Peyğəmbərdən (s), o isə Cəbraildən nəql edir: Allah-Təaladan eşitdim ki, buyururdu:
كلمة لا اله الّا الله حصني فمن دخل حصني امن من عذابي
"La ilahə illəllah" kəlməsi mənim hasarım və qalamdır, hər kəs mənim qalama daxil olsa (yəni hər kəs bu tövhid kəlməsinə etiqad bəsləsə), əzabımdan amanda olar. Sonra İmam (ə) bir anlıq sükut edərək buyurdu:
بشرطها وشروطها و انا من شروطها
"Əlbəttə, şərtləri ilə birlikdə. Mən də onun şərtlərindən biriyəm."
Tarixçilərin yazdığına əsasən iyirmi dörd min nəfər əlində qələm-kağız bu hədisi yazırdı və bu rəqəm pişvaza gələn izdihamın çoxluğunu göstərir.

Комментарии

Комментариев нет.