70 yaşin mübarek şeherim.

Bəziləri üçün Sumqayıt, çirkli havası olan sənaye şəhəri, başqaları üçün Biləcəridən o tərəfədir...
Əslində isə Sumqayıt gördüyüm şəhərlər arasında ən yaşamalı olanlardan biridir. Mən şəxsən Sumqayıtı İspaniyanın Valensiya şəhərinə oxşadıram. Sumqayıtda yaşamaq üçün 10 gözəl səbəbi yazdım:
1.Sumqayıt Xəzərin sahilində yerləşən ən gənc və çağdaş şəhərdir. Canınız sıxılanda sahilə enmək üçün Bakıdakı kimi avtobusdan düşüb metroya minməyə ehtiyacınız yoxdur. Şəhər sahilboyu uzandığı üçün istənilən yerindən ən gec 30 dəqiqə içində piyada gedərək sahilə çata bilərsiniz. Düzdür, Bakıdakı kimi bulvar olmasa da, yəqin ki, bu ilin sonunda o da hazır olacaq.
2.Bulvarı olmasa da, Sumqayıtın sahili boyunca ağaclardan bol, sakit bir parkı var. Respublikada belə gözəl park başqa heç bir şəhərdə, rayonda yoxdur. Dəniz mənzərəli, betonlaşmamış parkdan daha gözəl nə var?
3.Sumqayıtda azmaq ehtimalınız demək olar ki yoxdur. Şəhərdə piyada gəzməkdən yorulsanız, 7 nömrəli marşrut şəhərin istənilən hissəsində sizə xidmət etməyə hazırdır. Belə baxanda, 7 nömrə olan yerdə, Sumqayıtda Sightseeing avtobusu ən məntiqsiz biznes növüdür. İflası mütləqdir.
4.Ictimai nəqliyyatdan söz düşmüşkən, 7 nömrədən başqa, Sumqayıtda demək olar ki, eyni marşrutla hərəkət edən bir çox minik vasitəsi var ki, bu da sizi hansısa avtobusu gözləməkdən bezib siqaret yandırmaq əziyyətinə salmaz.
5.İctimai nəqliyyata mindinizsə, bakılılar kimi qoltuqaltı tər haqqında facebookda şeir yazmayacaqsınız. Çünki, həm Sumqayıtda ictimai nəqliyyatda basabas olmur, həm də əgər olsa belə, 1-2 dayanacaq sonra azalır.
6.Deyək ki, tər fobiyanız var və taksiyə minmək istədiniz. Sumqayıtın istənilən yerindən istənilən yerinə taksi 3 manata aparır. Daha çox pul verib, taksilərin tərbiyəsini pozmayın lütfən!
7.Sumqayıt şəhərində dəqiqələrlə tıxaclarda girinc olmazsınız. Bu da sizə vaxt qazandırar, istirahətə ayırdığınızı vaxtı yollarda xərcləmirsiniz. Məsələn, Qafqaz Universitetində təhsil alırsınızsa, Bakının tıxaclarında illər itirməkdən, Xırdalanın tozlu küçələrində yorulmaqdansa, Sumqayıtda ev kirayələyərək universitetinizə rahat gedib gələ bilərsiniz.
8.Kirə demişkən, Sumqayıtda ev almaq və ya kirayələmək istəsəniz qonşu Bakı şəhərindən 2-3 qat daha az xərc çəkmiş olarsınız.
9.Ucuzluq demişkən, Sumqayıtda qiymətlər Bakıdakı kimi saxta və şişirdilmiş deyil. Bərbər, çayxana, PES, restoran qiymətləri Bakıdan daha ucuzdur. Eyni zövqü aldıqdan sonra, xidmət eyni olandan sonra nə üçün artıq pul xərcləyəsiniz ki?!
10.Sumqayıt, heç kimin yerli olmadığı, hamının əslində Azərbaycanın, keçmiş SSRİ-nin hər yerindən bura gəldiyi, qurub yaşadığı bir şəhərdir. Sumqayıtda hansısa qara rusca sizə deyə bilməz ki "eti rayonskie çyuşki qyeldiler byura…” Çünki Sumqayıt sülhün şəhəridir. Bu şəhəri müxtəlif mədəniyyətdən, millətdən olan insanlar qurub, tikiblər. İndi də Sumqayıt Azərbaycanın ən qabaqcıl insanlarını yetişdirməkdədir. Bu da sizin Sumqayıtdan təkan alaraq qabağa getmək şansınızı artırır!

Комментарии

Комментариев нет.