=R.

Turançı= Azərbaycanı iki hissəyə bölünməsi haqqında xalqın şairi B.Vahabzadə poemasını qələmə almışdır. Oldu Şimali və Cənubi Azərbaycan CAN CAN AY BAŞI BƏLALI AZƏRBAYCAN.NƏLƏR ÇƏKMİŞ BAŞIN SƏNİN.
=I-ci Hissə=
İpək yaylığıyla o, asta-asta
Silib eynəyini gözünə taxdı.
əyilib yavaşca masanın üstə
Bir möhürə baxdı, bir qola baxdı.
Kağıza həvəslə o da qol atdı,
Dodağı altından gülümsəyərək.
Bir qələm əsrlik hicran yaratdı,
Bir xalqı yarıya böldü qılınc tək.
Öz sivri ucuyla bu lələk qələm
Dəldi sinəsini Azərbaycanın.
Başını qaldırdı,
Ancaq dəmbədəm
Kəsdilər səsini Azərbaycanın.
O güldü kağıza qol çəkən zaman,
Qıydı ürəklərin hicran səsinə.
O güldü haqq üçün daim çarpışan
Bir xalqın tarixi faciəsinə.
Əyləşib kənarda topsaqqal ağa,
Hərdən mütərcimə suallar verir.
Çevrilir gah sola, baxır gah sağa,
Başını yellədib təsbeh çevirir.
Qoyulan sərtlərə razıyıq deyə,
Tərəflər qol çəkdi müahidəyə...
Tərəflər kim idi? Hər ikisi yad!
Yadlarmı edəcək bu xalqa imdad?!
Qoy qalxsın ayağa ruhu Tomrisin,
Babəkin qılıncı parlasın yenə.
Onlar bu şərtlərə sözünü desin,
Zənciri kim vurdu şir biləyinə?
Hanı bu ellərin mərd oğulları?
Açın bərələri, açın yolları.
Bəs hanı bu əsrin öz Koroğlusu-
Qılınc Koroğlusu, söz Koroğlusu?
Babaların şəni, şərəfi, əlbət,
Bizə əmanətdir, böyük əmanət...
Yoxmu qanımızda xalqın qeyrəti?
Belə saxlayarlar bəs əmanəti?
Qoy ildırım çaxsın, titrəsin cahan!
Ürəklər qəzəbdən
coşsun, partlasın.
Daim haqq yolunda qılınc qaldıran
İgid babaların goru çatlasın.
Qoy əysin başını vüqarlı dağlar,
Matəmi başlandı böyük bir elin.
Mərsiyə söyləsin axar bulaqlar,
Ağılar çağırsın bu gün qız, gəlin!..
Tərəflər sakitdir, qəzəbli deyil,
Məhv olan qoy olsun, onlara nə var.
İmzalar atılır bir-bir, elə bil,
Sevgi məktubuna qol çəkir onlar.
Atıb imzasını hər kəs varağa,
əyləşir sakitcə keçib yerinə.
Eynəkli cənabla, təsbehli ağa,
Qalxıb əl də verir biri-birinə.
Onların birləşən bu əllərilə
Ayrılır ikiyə bir el, bir Vətən.
Axıdıb gözündən yaş gilə-gilə,
Bu dəhşətli hala nə deyir Vətən?
Bir deyən olmadı, durun ağalar!
Axı, bu ölkənin öz sahibi var.
Siz nə yazırsınız bayaqdan bəri,-
Bəs hanı bu yurdun öz sahibləri?
Bəs hanı həqiqət, bəs hanı qanun?
Qocadır bu yurdun tarixi, yaşı.
Bəs hanı köksünə sərhəd qoyduğun,
Bir vahid ölkənin iki qardaşı?
Görək bu hicrana, bu müsibətə,
Onların sözü nə, qərəzi nədir?
Bu xalq əzəl gündən düşüb zillətə,
Öz dogma yurdunda yoxsa kölədir?
Necə ayırdınız dırnağı ətdən-
Ürəyi bədəndən, canı cəsəddən?
Axı, kim bu haqqı vermişdir Sizə,
Sizi kim çağırmış Vətənimizə?
Neçə vaxt səngərdə hey ulaşdılar,
Gülüstan kəndində sövdalaşdılar.
Bir ölkə ikiyə
Ayrılsın deyə!..
Göy də guruldamış deyirlər o gün,
Çölləri, düzləri buludlar sarmış.
O göy gurultusu ulu Babəkin Ruhuymuş,
hönkürüb fəryad qoparmış.
Gülüstan kəndinin gül-çiçəkləri
Bir günün içində soldu-saraldı.
"Gülüstan" bağlandı, o gündən bəri,
Bu kəndin alnında bir ləkə qaldı.
Bağrı köz-köz oldu "Yanıq Kərəmin"
Tellər inildədi, yandı, nə yandı.
Aşığın sazında daha bir həzin,
Daha bir yanıqlı pərdə yarandı.
Həmin gün ölkəni apardı sel, su,
Tutuldu çöhrəsi günün, ayın da.
Qoca Nəbatinin eşqi, arzusu,
O gün batmadımı Arpa çayında?
Ağlayıb dağlardan əsən küləklər,
Bu məşum xəbəri aləmə yaydı.
Sanki dilə gəldi güllər, çiçəklər:
"Bu isə qol qoyan qollar sınaydı".
Arazın suları qəzəbli, daşqın,
Sirin nəğmələri ahdır, haraydır.
Vətən quşa bənzər, qanadlarının
Biri bu taydırsa, biri o taydır.
Quş iki qanadla uçar, yüksələr,
Mən necə yüksəlim tək qanadımla?
Ürəklər bu dərddən tüğyana gələr,
Axar gözümüzdən yaş damla-damla.
Cənablar, bir anlıq düşündünüzmü?
Verdiyiniz hökmün ağırlığını?
Bu hökmün dəhşəti əllimi, yüzmü?
Biz necə götürək bu göz dağını?..
Başı kəsiləndə bu məğrur elin
Qəlbin ağrısını hiss etdinizmi -
Qoca Füzulinin, igid Babəkin
Etiraz səsini eşitdinizmi?
Cənablar, bir damcı mürəkkəblə siz
Düsünün, nələrə qol çəkmişsiniz?
Bir damcı mürəkkəb, bir vətəndaşı
Qanına bulayıb ikiyə böldü.
Bir damcı mürəkkəb olub göz yaşı
İllərlə gözlərdən axdı, töküldü.
Min ləkə vurdular şərəfimizə
Verdik, sahibimiz yenə "ver" - dedi.
Lap yaxsı eləyib doğrudan, bizə
Biri "baran" - dedi, biri "xər" - dedi.
Bizi həm yedilər, həm də mindilər,
Amma dalımızca gileyləndilər.
Hökmü gör nə qədər böyükmüş anın
Möhür də basdılar varağa təkrar.
Yox, varağın deyil, Azərbaycanın
Köksünə dağ boyda dağ basdı onlar.
İmzalı, möhürlü ey cansız varaq,
Nə qədər böyükmüs qüvvətin, gücün.
Əsrlər boyunca vuruşduq, ancaq
Sarsıda bilmədik hökmünü bir gün.
Ey kağız parçası, əvvəl heç ikən,
Yazılıb, qollanıb yoxdan var oldun.
Böyük bir millətin başını kəsən,
Qolunu bağlayan hökmdar oldun.
Bir eli ikiyə paraladın sən
Özün kağız İkən paralanmadın.
Köksünə yazılan qəlb atəşindən,
Niyə alışmadın, niyə yanmadın?
Araz sərhəd oldu, əsdi küləklər,
Sular yatağında qalxdı, köpürdü.
Üstü dama-dama taxta dirəklər,
Çayın kənarında səf çəkib durdu.
Sular, sizdən təmiz nə var dünyada?
Ləkədən xalidir axı qəlbiniz.
Bağrınız alışıb niyə yanmadı
Bu çirkin əmələ qol qoyanda siz?
Ey Araz, səpirsən göz yaşı sən də,
Keçdikcə üstündən çölün, çəmənin.
Səni arzulara sədd eyləyəndə,
Niyə qurumadı suların sənin?
Dayanıb Arazın bu tayında mən
"Can qardaş" deyirəm, o da "can" deyir.
Ey zaman, sorğuma cavab ver, nədən
Səsim yetən yerə, əlim yetməyir?..
Qarışıb gözümdə, qarışıb aləm
Dərd-dərdi doğrayır, qəm-qəmdən keçir.
Arazın üstündən keçə bilmirəm,
Araz dərdim olub sinəmdən keçir.
Taxta dirəkləri torpağa deyil,
Qoydular Füzuli divanı üstə.
Yarıya bölündü yüz, yüz əlli il
Gəraylı, bayatı, muğam, şikəstə.
Dəmir çəpərləri eşqim, diləyim,
Tarixim, ənənəm üstə qoydular.
Yarıya bölündü canım, ürəyim,
Yarıya bölündü Arazda sular.
Taxta dirəkləri qoydular ax, ax!
Qəlbimin, ruhumun, dilimin üstə.
Biz güldük, ağladıq, yenə də ancaq
Bir sazın, bir telin, bir simin üstə.
Ürəkdən ürəyə körpü? Bir dayan!
Dərdimiz dinirsə, bir sazın üstə
Şəhriyar yaralı misralarından
Körpü salmadımı Arazın üstə?!
Bu taydan o taya axışdı sel tək
Gözə görünməyən könül telləri.
Bu selin önünü nə çay, nə dirək
Kəsə bilməmişdir yüz ildən bəri.
Ağalar bilmədi birdir bu torpaq
Təbriz də, Bakı da Azərbaycandır.
Bir elin ruhunu, dilini ancaq
Kağızlar üstündə bölmək asandır.
Böl, kağız üstündə, böl, gecə-gündüz,
Torpağın üstünə dirəklər də düz,
Gücünü, əzmini tök də meydana,
Qosundan, silahdan sədd çək hər yana.
Torpağı ikiyə bölərsən, ancaq
Çətindir bədəni candan ayırmaq!
Ayırmaq kimsəyə gəlməsin asan
Bir xalqın bir olan dərdi-sərini.
O taydan bu taya Mustafa Payan
Oxuyur Vahidin qəzəllərini.
Dolandı zəmanə, döndü qərinə,
Şairlər od tökdü yenə dilindən.
Vurğunun o həsrət nəğmələrinə
Şəhriyar səs verdi Təbriz elindən:
"Heydər baba, göylər qara dumandı,
Günlərimiz bir-birindən yamandı.
Bir-birindən ayrılmayın, amandır,
Yaxşılığı əlimizdən aldılar,
Yaxşı bizi yaman günə saldılar.
Bir uçaydım bu çırpınan yelinən,
Qovuşaydım dağdan aşan selinən,
Ağlaşaydım uzaq düşən elinən.
Bir görəydim ayrılığı kim saldı,
Ölkəmizdə kim qırıldı, kim qaldı".
=1959=ci il

Комментарии

  • 8 мая 2019 22:43
    İslam bayrağıyla başqası gəldi
    Hamı düsündü ki, dünya düzəldi.
    Solub-saralırdı sahibsiz təki
    Bizim viran olmuş könlümüzdəki
    Arzu çiçəkləri ...
    o gün suladıq.
    Biri-birimizi muştuluqladıq.
    Bizim Söhrab Tahir, Balaş, Mədinə
    Bayram libasları geydi əyninə.
    Ertəsi eşitdik möhtərəm imam
    Yaratdı ölkədə "cümhuri-islam".
    Çox gözəl, cümhura nə irad, nə söz?
    Məgər bu deyilmi istədiyimiz?

    Şahlıq diyarında, şah ölkəsində
    "Döndü həqiqətə" yüz illik xəyal.
    Türkün öz dilində, öz ləhcəsində
    Qəzetlər, dərgilər çıxdı dalbadal.
    Nə oldu sonrası? Keçdi bir qədər
    Boyalar silindi, bozardı üzlər.
    Gördük vədlərdən təkcə söz qalıb
    Zulm qah-qah çəkir, haqsa hönkürür.
    Şahlıq devrilsə də, başqa rəng alıb
    Yaşayır əvvəlki zülm başqa cür.

    Adını dəyişib, əhdini danıb
    Yenə həmən zülm, həmən əsarət.
    Qarmağa taxılan ətə aldanıb,
    Tələni görmədi zavallı millət.
  • 8 мая 2019 22:43
    Zülm nə din bildi, nə dil, nə
    Vətən, Cəhalət uydurdu İslam adına.
    Açıq fikirlilər qaçdı ölkədən,
    Dözməyib cahilin xurafatına.

    Düşünən başları qovdu ölkədən
    Farsı da, kürdü də, türkü də qəsdən.
    Deyən tapılmadı, otur yerində
    Mən qafil deyiləm sözə aldanam.
    De, hanı bəs sənin əməllərində
    Şəri boğazlayan müqəddəs İslam?

    Məgər yuvasından didərgin düşən
    O bədbəxt kimsələr müsəlman deyil?
    İslamda insanlıq ləyaqətindən
    Nitqlər söylədin minbərlərdə sən,
    Yurddan qovduqların bəs insan deyil?

    Minbərdən bağırdı söz gövşəyənlər:
    "İslama hər yerdə dayağıq" - deyə.
    Bizi darda qoyüb "İslam" deyənlər
    Niyə dayaq oldu bəs erməniyə?

    Dandın həqiqəti sən bilə-bilə
    Sübutun uydurma, dəlilin əbəs.
    Erməni qəsbinə kiriməyinlə
    Xoruzun quyruğu görünmürmü bəs?

    Qorxuram bu yerdə belimiz sına
    Adını qoymusan "İslam dövləti".
    Özün de, budurmu din qardaşına
    İslam dövlətinin xətri, hörməti?

    Bunıın da kökünü bilirik nədir?
    Səninçin "arilik" dindən öndədir.
    İslama "vay" dedi, dinə "vay" dedi
    Arxaya çəkildi din qohumluğu.
    Sizi erməniyə dayaq eylədi
    əcdadda birləşən qan qohumluğu.

    Tapıldı bizdə də cəhalətindən
    Dinin cövhərini anlamayanlar.
    Atıldı meydana, yapışıb dindən
    Onu ciblərinə qazanc sayanlar.

    Kəbəyə getdilər hər il dalbadal
    Ziyarət deyildi, ticarətdi bu.
    Bəs hanı haqq yolu? Bu səfər,
    bu yol Hacılıq adıyla tacirlik oldu.

    Dedilər: "Dərdlərə son qoymaq üçün
    "İslam partiyası" gərəkmiş bu gün.
    Bir deyən olmadı amma onlara
    "A qardaş, din hara, siyasət hara?"
  • 8 мая 2019 22:44
    Nədir bu partiya? Mən anlamıram
    Firqə, dar çərçivə, firqə bir qəfəs!
    O boyda ucalıq, o boyda İslam
    Firqə qəfəsinə sığışarmı bəs?

    Din ilə ucalır ruhumuz göyə
    Göylər bir qiyasa, ölçüyə gəlməz.
    O böyük din ilə bircə firqəyə
    Bəşərin yarısı sığışa bilməz.

    Sökülür dan yeri, görmürsənmi sən
    Zamanın özündən, vaxtın özündən?
    Bu nə boş xəyaldır, nə şirin röya?
    Közərir çınqa od külün içində.
    Dünyanı titrədən qoca Rusiya
    Bölünüb söküldü bir gün içində.

    Köksünə dağ üstdən dağ çəkilən xalq
    Bir gün dağ çəkəcək dağın köksünə.
    Məftil çəpərləri qıra bilən xalq
    Bir il gec, bir il tez - qıracaq yenə.

    Torpağı yoğurur vaxt özü qanla
    Vaxt gəldi, bircə söz min düyün açar.
    Artıq anlamışıq ahla, amanla
    Nə məftil əriyər, nə sərhəd uçar.

    Zulm öz-özünə kəsilir qənim
    Baxın öz yönünü dəyişən çarxa.
    Suyun gəlməsinə şübhəm yox mənim
    Bir vaxt şırıl-şırıl su gələn arxa.
  • 8 мая 2019 22:44
    Salaq yadımıza bu gün, cahanın
    Rəngləri dəyişən xəritəsini.
    Biz də görəcəyik Azərbaycanın
    Güneyli-qüzeyli xəritəsini.

    Noyabr, 1999
  • 8 мая 2019 22:44
    Gülüstan sülh müqaviləsi (ingiliscə: Treaty of Gulistan, rusca: Гюлистанский договор) — 1813-cü ilin 12 oktyabr tarixində rusiya İmperiyası ilə Qacarlar dövləti arasında imzalanmış və tarixi Azərbaycanın ərazisini rusiya ilə İran arasında bölən birinci müqavilə. 1804-cü ildən 1813-cü ilə qədər davam edən Birinci rusiya-iran müharibəsini bitirən bu müqavilənin imzalanması 1 yanvar 1813-cü ildə general Kotlyarevskinin Lənkəranı tutması ilə daha da sürətlənmişdir.
  • 8 мая 2019 22:47

    Müqavilə Dağıstanın, Gürcüstanın, bu günki Azərbaycan Respublikasının əksər hissəsinin və hal-hazırki ermənistan Respublikasının şimal torpaqlarının rusiya imperiyasına keçməsini rəsmiləşdirirdi.

    Müqavilənin mətni Böyük Britaniyanın Qacar imperiyasındakı nümayəndəsi olan və hakimiyyətə böyük təsir gücünə malik olan Ser Qor Ousli tərəfindən hazırlanmışdı. Müqaviləni rusiya tərəfindən Nikolay Rtişev, Qacarlar tərəfindən Mirzə Əbülhəsən xan Elçiimzalamışdır.

    Bu müqavilənin nəticəsi olaraq Cənubi Qafqazın əksər hissəsi rusiya imperiyasının hakimiyyəti altına keçdi. İkinci rusiya-İran müharibəsindən sonra rusiya Cənubi Qafqazı bütünlüklə tutdu və bunu Türkmənçay müqaviləsində İran tərəfindən təstiq edilməsinə nail oldu.Gülüstan müqaviləsi və ondan sonra imzalanan Türkmənçay müqaviləsi nəticəsində azərbaycanlılar iki yerə parçalanmışdır. müxtəlif dövrlərdə birləşmək üçün cəhdlər olmasına baxmayaraq hələki buna nail olmaq münkün olmamışdır.

  • 28 июн 2020 13:19
    Salam deyerli dostlarim Xais edirem kanalima abune olasiniz. Kanal size onemli  olmasada sizin abune olmaqiniza ehtiyacimiz var. Mene bu isde yardimci olasiniz.
    https://www.youtube.com/user/KrutoyBakinec
  • 28 июн 2020 13:19
  • 28 июн 2020 13:19
    Salam deyerli dostlarim Xais edirem kanalima abune olasiniz. Kanal size onemli  olmasada sizin abune olmaqiniza ehtiyacimiz var. Mene bu isde yardimci olasiniz.
    https://www.youtube.com/user/KrutoyBakinec
  • 28 июн 2020 13:19
  • 28 июн 2020 13:19
    Salam deyerli dostlarim Xais edirem kanalima abune olasiniz. Kanal size onemli  olmasada sizin abune olmaqiniza ehtiyacimiz var. Mene bu isde yardimci olasiniz.
    https://www.youtube.com/user/KrutoyBakinec
  • 9 авг 2020 10:49
    Salam her vaxtınız xeyr çox qürurverici bir video roliki paylaşıram sizlərdə paylaşın və bəyənin şərhlərdə öz fikrinizi yazin videonu bəyənek paylaşaq

    https://youtu.be/bkd9zXTo7c4
  • 21 янв 2022 10:14
    Yazıbsınız Vətənsevərlər.bütüv Azərbaycan uğrunda adınızı .amma görürım siz Vətəni yox Vətəni satanları dəstəkləyirsiz .əgər mən dediyim kimi deylisə nəyə götə qadağa qoyubsuz sizə şəxsi məktub yazmağa .