Yaxşı ki, qarşılaşdıq

Danış görüm, necəsən?
Söylə, gündüzü qoyub,
Niyə gəldin gecə sən?
- - -
Danış, özündən bir az,
Nə olsun ki gecədir?
Biraz ailəndən danış,
Söylə ərin necədir?
- - -
O səni məndən alıb
Xoşbəxt edə bildimi?
Söylə içindəki eşq
Yaşadımı, öldümü?
- - -
Ağla, boşalt qəlbini,
Göz yaşını silərəm.
Bircə unutdum demə
Yuxudaca ölərəm...
- - -
De sevirəm hələ də,
De ki, həqiqət budur...
Yalan da olsa söylə.
Bu onsuzda yuxudur...
- - -
O vaxtdan illər keçib
Hələ də görüşürük.
Yolumuz ayrılsa da,
Bir yuxuya düşürük.
Niyə lal dayanmısan?
Danış daha, dayanma
Hara yoxa çıxırsan?
Yalvarıram, oyanma...

Комментарии

Комментариев нет.